Sabah Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçı çərçivəsində “Qarabağ” səfərdə Çexiya “Viktoriya”sını qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, ağdamlıların baş məşqçisi Qurban Qurbanov oyunöncəsi jurnalistlərin suallarını cavablandırıb: 

– Böyük şansımız var. Rəqib istəklidi. Artıq onları daha yaxından tanımışıq. Çalışacağıq ki, uğurlu nəticə əldə edək. Futbolçular hazırdılar. Nəticəyə oynamalı və ehtiyatlı olmalıyıq. Nə vaxt hücum, nə vaxt müdafiə olunmalı olduğumuzu bilməliyik. Rəqib də qalib gəlmək istəyir, şanslar bərabərdi.

– “Qarabağ” səfərdə oyunundan uzaq düşmüşdü, son 15 dəqiqədə komandanız hücumlarının kəsərini artırmamışdı. Riçardın oyunu alınmadı, demək olar onların zəif çıxışı “Qarabağ”ın oyununa təsir etdi?
– Rəqibin gücünü nəzərə almalıyıq. Digər tərəfdən də biz səfərdə idik. İlk dəqiqələrdən nəticə əldə etmək istəyirdilər. Biz müdafiə olunmağa çalışırdıq. Topla çox davrana bilmədik, rəqib çox pressinq etdi. Oyunçularımdan razı qaldım. 6-7 ay sonra fərqli komanda ilə qarşılaşdıq. Buna kimi ancaq ölkə çempionatında oynamışdıq.  Düşünmürəm ki, hansısa problemimiz olsun. Belə turnirlərdə düzgün müdafiə önəmlidi.

– Yeni transferlə bağlı nə deyə bilərsiniz?
– Təkcə bir yox, 3-4 variantımız var. Danışıqlar gedir, amma heç kimlə razılıq əldə edilməyib. Həm klubun,  həm də futbolçunun istəyi üst-üstə düşməlidi. 

– Sabah əlavə dəqiqələri düşünmüsüz?
– İstərdik ki, əsas vaxtda qalib gələk.

– Maksim Medvedevin zədəsi sağalıbmı?
– Durumu normaldı. Həkimlərin verdiyi rəyə görə bunu deyirəm.

– İlk oyunla müqayisədə dəyişiklik olacaq?
– Sabah görəcəksiniz.

– “Viktoriya”nın Çexiya çepionatındakı son oyununu izlədinizmi?
– Videoyazısına baxdım. Bəzi oyunçularını daha yaxından tanıdım.

– Matçdan əvvəl rəqib futbolçu Reznik bildirmişdi ki, “Qarabağ”la matça yaxşı hazırlaşa bilmədik. Bu nə dərəcədə sizə kömək olacaq?
– Onların bu gün də hazırlaşmağa vaxtları var. Oyundan-oyuna formalarını inkişaf elətdirmək üçün vaxtları var.

– Futbolçular düşünür ki, məğlub olsaq, AL-də oynayacağıq.  Bu düşüncələri onlardan uzaqlaşdıra bilmisiniz?
– Hər dəfə futbolçulardan nəyisə tələb edəndə, psixoloji təsir edə bilərik. Rəqibi düzgün qəbul edib analiz etməli olduqlarını istəyirik. Kiçik şansımız varsa, ondan istifdə edək. AL-i düşünmürük. Məğlub olsaq, bu haqda düşünə bilərik. Oyunçuların fikirini yayındırmaq istəmirik.

– İlk oyundan sonra “Qarabağ” qınaq obyektinə çevrildi. Tənqidlərlə barışırsınız?
– Biri var tənqid, biri var fikir bildirmək. Bu cür fikirlərlə ilk dəfə deyil rastlaşıram. Hər fikrə hörmətlə yanaşmalıyıq. Hamıya cavab versək, öz işimizə vaxtımız olmaz. İşimiz futbol oynamaqdı. Alınacaq, ya yox, bu sonrakı işdi. Kiminsə yazısına fikir bildirsəm, peşəkar olmaram. Hamı haqqında fikir bildirirlər, irad tuturlar. 

– Üzərinizdə təzyiq varmı?
– İlk növbədə mən heç bir fikrə reaksiya verməli deyhiləm. Daim məşqçi kimi inamlı olmağa çalışıram. Təzyiq məndə daha çox olur, sadəcə, biruzə verməməyə çalışıram. Təzyiq varsa, iş prinsipimiz doğrudu.

– Bu il sindromu qıra biləcəksizmi?
– Sizcə, mən istəmərəm ki, ÇL-in qrupuna düşək? Bu, hamımızın borcudu. Çalışıb tələb olunanları yerinə yetirməliyik. Sindrom qırılacaq, ya yox, bunu görəcəyik. Mən də qruplara vəsiqə qazanmağımızı istəyirəm. Neçə illər pley-ofda işitirak etmişik. Çalışıb bütün şanslardan yararlanaq.

– "Qarabağ"ı ÇL-in qruplarında mübarizəyə hazır görürsünüzmü?
– Düşüncələrimizə görə, yaxşı nəticə əldə etməyə çalışırq. Amma rəqibi də nəzərə almalıyıq, çox təcrübəlidi. Həmçinin, Çexiya çempionatının da səviyyəsini nəzərə almalıyıq. Meydana çıxırıqsa, onlara qarşı layiqincə mübarizə aparmağa çalışcağıq.

– Oyun günü komandanızın məşqə çıxması ilk matçda son 15 dəqiqədə futbolçuların fiziki durumuna təsiri oldumu?
– Xeyr, düşünmürəm. İlk oyundan əvvəl yolda olduğumuza görə məşq etməmişdik. Bunu nəzərə alıb, oyun gününə məşq saldıq. Futbolçu oyuna yaxın nə qədər məşqdə hazır olursa, oyunda da o qədər yaxşı çıxış edir. 

– Təlim-məşq toplanışı zamanı komandanın pik həddə çatması üçün hansı dövrə hesablamısız?
– Komanda həmişə 5-6 oyundan sonra tam hazır olur.

– Vüqar Nadirovun transferi gözlənilməz oldu. Bu sizin şəxsi istəyiniz idi, yoxsa…?
– Sırf öz düşüncəmə görə qaytarmışam. O, 5-6 il bizim komandada oynayıb. Bizdən ayrıldıqdan sonra 3 komandada oynadı və indi klubsuz idi. Bu da mənə məşqçi kimi pis təsir etdi, ona görə qaytarmışam.

– Özü peşmandı “Qarabağ”dan ayrıldığına görə?
– Mən heç kimdən bunu soruşmuram. Hər idmançının karyerasında belə dönəm olur ki, hər şeyi analiz edi və başa düşür. 

ELMAR ABDULLA-ZADƏ

Shares: