Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında "Qarabağ"ın qonağı olacaq Çexiyanın "Viktoriya" klubunun baş məşqçisi Roman Pivarnik mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, slovakiyalı qarşılaşma ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

– İlk oyunda qeydə alınan 0:0 hesablı nəticə "Qarabağ"ın müdafiə xəttinin güclü olmasından irəli gəlir, yoxsa hücumçularınızın bacarıqsız olmasından?
– "Qarabağ" kombinassiyalı komandadı. Biz onları təzyiqdə saxladığımız üçün müdafiə olunmağa məcbur qaldılar. Bunun nəticəsində də qol vura bilmədik. 

– Sabah kim qalib gələcək: yaxşı müdafiə olunan, yoxsa hücum edən?
– Hər iki komandaya 0:0 hesabı sərf etmir. Çünki məcbur qalıb penaltilərə qədər gedə bilərik. Bunu ikimiz də istəmirik. Məcburuq ki, qol vuraq. Fikrimcə, şanslar bərabərdi.

– Çexiya çempionatına start verilib. Artıq ilk turda rəqibi məğlub etməyi bacarmısız. Buna görə komandada yorğunluq varmı?
– Çempionatda 2 və 6-cı günlər oyunlar olur. İki fərqli heyətlə mübarizə aparırıq. Buna görə də yorğunluq olduğunu düşünmürəm.

– İki il öncə "Qarabağ" məhz çex hakim Miroslav Zelinkanın haqsız qərarı ilə Avropa Liqasından kənarda qaldı. Bununla bağlı nə deyə bilərsiz?
– Bundan xəbərim yoxdu. Çünki bu barədə Çexiya mətbuatında xəbərlər yer almamışdı.

– Penaltilər seriyasına xüsusi olaraq hazırlaşmısız?
– İnanıram ki, buna ehtiyac olmayacaq.

– Azərbaycan üçün "Qarabağ" adının necə mühüm olduğunu bilirsiz?
– Mən hər bir konfliktə qarşıyam. Ümid edirəm ki, bu konflikt tezliklə həll olunacaq. "Qarabağ"ın Bakıda oynaması bizə də təəccüblü gəldi.

ŞAMO QULİYEV

Shares: