“Kəpəz” yenə didərgin, “Kəpəz” yenə miskin durumdadı. Avropa Liqası oyunları öncəsi olduğu kimi, komanda hələ də stadion-stadion gəzib yeni mövsümə hazırlaşır.
Əyalət klublarının Premyer Liqaya gətirilməsi, Gəncəyə böyük futbolun qaytarılması ideyası hər nə qədər yaxşı olsa da, zaman göstərdi ki, bütün bunlar yalnız gəlişigözəl sözlərdi və reallıq başqadı. Çünki Azərbaycan çempionatının elitasına Gəncə futbolunun yalnız adı gəlib, özü yox.
Komandanın avrokuboklara vəsiqə qazanması qəhrəmanlıq idi. Məhdud büdcə, dözülməz şəraitsizliyin qarşılığında “Kəpəz”in tarixində ilk dəfə mərhələ keçməsi boyundan hündürə tullanmaq sayılmalıdı. Lakin hətta bundan sonra da “sarı-göylər”ə diqqət yoxdu, əksinə, komanda taleyin ümidinə buraxılıb. Bəlkə də bunun səbəbi qızın iki adaxlısının olmasındadı.
“Kəpəz”in Müşahidə Şurasında Gəncənin sayılıb-seçilən insanları əyləşib. Futbol veteranı Müzəffər Qasımov, Gəncə Avtomobil zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev, "DET-AL Alüminium" MMC-nin baş direktoru Sərxan Babayev, "Gəncə şərab-2" ASC-nin Müşahidə Şurasının sədri Namiq Məmmədov və Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Müşfiq Cəfərov sıravi üzvlərdi, sədr isə gənc, amma yuxarıda adı çəkilənlərin hamısının rəhbərinin oğludu. "Gəncə Avropa Gənclər paytaxtı 2016" İctimai Birliyinin sədri Elmir Vəliyev Müşahidə Şurasının sədridi. Onun bu qədər insanın toplaşdığı qurumda baş kresloda əyləşməsinin səbəbi hansısa bacarığı yox, məhz Gəncə icra başçısı Elmar Vəliyevin övladı olmasıdı.
Bu qədər nüfuzlu adamın toplaşdığı şuranın kilid adamı isə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Quliyevdi. Niyə o? Çünki klubu maddi problemlərdən AFFA xilas edir və bu səbəbdən də bu qurumun rəhbəri orada təmsil olunub. O, hətta klubun sabiq prezidenti Mehman Allahverdiyevdən də önəmli adam sayılır. Mehman bəy icraçı direktor postuna əyləşdirilib, formal vəzifə sahibidi və yalnız maaş gününü gözləyir. Klubun bütün dərd-səri isə elə Quliyevin üzərindədi.
“Pulu verən müsiqini sifariş edir”. Bu səbəbdən Mikayıl bəy klubda sıradan fiqur deyil, AFFA ilə Gəncə arasında əsas körpü, pulu ünvanına çatdırıb, onun bölüşdürülməsinə nəzarət edən adamdı. Bəs, Vəliyev kimdi? Hər kəs və heç kim!..
Kiçik Vəliyev ona görə “Kəpəz”də vəzifə tutub ki, klubun gəncəlilərin olması görüntüsü yaradılsın, eyni zamanda atasının vasitəsi ilə kluba yardım edilsin. İcra hakimiyyətinin klub saxlamaq, ona hansısa maddi dəstək ayırması mümkünsüzdü, qanunla buna icazə yoxdu, lakin hamı bilir ki, Elmir bəy məhz buna görə o kresloya əyləşdirilib. Elmar Vəliyev məhz oğlunu tanıtmaq, onu bacarıqlı kadr kimi təqdim etmək üçün lazımi dəstəyi verməli, bunu ən azı şurada təmsil olunan şəxslərin rəhbərlik etdiyi qurumlar vasitəsi ilə etməlidi. Amma nə məsələdisə, etmirlər. Ya AFFA-nın məbləği artırıb bütün idarəçiliyi onların öhdəsinə buraxmalarını gözləyirlər, ya da əziyyətsiz qalan imic reklamından yararlanmağı məqsədəuyğun bilirlər.
İnsaf naminə, komandanın ötən mövsüm uğurlu çıxış etməsindən, avrokubokda ilk dəfə mərhələ adlamasından sonra hamı Vəliyevlərə əl çaldı. Bu da səbəbsiz deyildi, çünki onlar ciddi xərcə düşməsələr də, komandanın minimal xərclərinin qarşılanmasında pay sahibi olmuşdular. Gəl ki, elə avrokuboka vəsiqə qazanılması hər şeyi korladı. Yeni transferlər, toplanışa daha erkən başlanması, əlavə oyunlar, məşqlər “Kəpəz”in tükdən asılı yaşadığını aydınlaşdırdı. Məlum oldu ki, AFFA-nın gücü yalnız çempionatı yola verməyə çatır, əlavə xərclər büdcəni “zorlayır”. Məhz bu məqamda Gəncə rəhbərliyinin köməyinə ehtiyac var idi. Lakin Elmir Vəliyev atasını komandaya tərəf baxmağa məcbur edə bilməyincə klub ortalıqda qaldı, gündə bir meydanda məşq etdi, “Qəbələ”nin təyyarəsinə sığınaraq Avstriyaya getdi.
Təbii ki, belədə AFFA ayrılan büdcəni aşmalı olurdu. Sonucda futbolçuların maaşları gecikməyə başladı, problemlər ortaya çıxdı. Problemin həlli isə yalnız mətbuatın təzyiqindən sonra tapıldı. Yenə də Müşahidə Şurasından kömək gəlmədi, AFFA UEFA-dan gələcək mükafatdan çıxmaq şərti ilə, xərcləri boynuna götürdü. Tənqidlərsə ata-balanı əsəbləşdirdi, hətta bunun kiminsə sifarişi olduğunu düşünməyə başladılar. Halbuki kimdənsə şübhələnmək yox, komandanın uğuru naminə yardım etmək, kluba dəstək olmaq lazım idi.
Vəliyevlərin biganəliyi, Müşahidə Şurası üzvlərinin heç bir dəstək verməməsi üzündən bu gün “Kəpəz”in qarşısında yazılan və təmsil etdiyi şəhəri bildirən “Gəncə” sözü simvolikdi. Komanda Bakıda hazırlaşır, paytaxtda yaşayır və yalnız oyundan-oyuna Gəncəyə gedir. Ona görə ki, Nizami yurdunda qalmaq, qidalanmaq və məşq etmək üçün normal şərait yoxdu. Stadion AGİN-in balansındadı, bir neçə min oturacaqların da AFFA tərəfindən qoyulduğu arenanın ciddi təmirə ehtiyacı var, məşqlər də burada keçiriləcəyi halda qazon oyunlar üçün yararsız olacaq. Başqa məşq meydançası isə yoxdu. Olsaydı, vaxtilə milli komandaları sıviyyəli ulduzlarla təmin edən Gəncənin öz klubunda heç olmasa, bir yerli oyunçu çıxış edərdi. Gəl ki, ötən illər ərzində bu şəhərdə futbola heç bir qayğı olmayıb, hətta ənənələr də unudulub.
AFFA-nın ayırdığı büdcə ilə məşq edən, qidalanan, yaşayan və maaş alan futbolçuları Gəncədə və ya ona yaxın bölgələrin birində saxlamaq olmazmı? Hər halda, paytaxtda xərc daha çoxdu və deyək ki, klubun istifadəsinə verildiyi deyilən Yevlax stadionunda bunları daha az pula reallaşdırmaq olar. Bax, bunu da AFFA istəmir. Qurum xərclərini çəkdiyi komandanı gözü önündə saxlamaq niyyətindədi. Elə bu səbəbdən də Elmar Vəliyev klubdan küsüb, oğlunu da futboldan uzaqlaşdırıb. Ancaq “yuxarılar”ın qorxusundan bunu nə özləri, nə də AFFA rəsmən açıqlaya bilmir.
Mikayıl Quliyev bir bəhanə tapıb komandanı birdəfəlik paytaxta gətirmək, “Dalğa Arena”da məskunlaşdırmaq, özü də şura sədri olmaq istəyir, lakin bu plan bölgələrdə futbolun inkişafı planına ziddi. Gəncəlilərin qəzəbi, mətbuatın tənqidi də onu çəkindirir. Vəliyevlər isə AFFA-nın ayırdığı vəsaitə özləri nəzarət etmək istədiyindən şərikli işdə maraqlı deyillər. Onlar hətta Yunis Hüseynov, Mahmud Qurbanov və ya Vidadi Rzayevin simasında gəncəli baş məşqçi ilə fərqli, iddiasız, ortabab komanda yaratmaq niyyətindədilər. İndiki Müşahidə Şurası olan şəffaf rejim onlara sərfəli deyil, klubu öz əllərinə alsalar, o zaman futbola pul da ayıracaqlar, onu rahatca “siləcəklər” də.
İkili oyun gedir – klubun iki sahibi olsa da, faktiki, ortada qalan “Kəpəz” var. Bu durum isə yalnız sıravi gəncəli azarkeşləri üzür. Süni şəkildə yaradılan “Futbol Gəncəyə qayıtdı” fonu isə reallıq deyil. Futbol Gəncəyə o zaman qayıdar ki, klub akademiyası fəaliyyət göstərsin, yeni oyunçular yetişsin, milli komandalarda rəqabət yaradacaq yeni nəsil formalaşsın. Üfüqdə isə belə perspektiv görünmür.
CAVAD
P.S.: Deyəsən, “Kəpəz”də Müşahidə Şurası artıq ləğv edilib. Belə ki, dünən Peşəkar Futbol Liqasının nümayəndələri çempionat iştirakçılarının stadionlarının lisenziya tələblərinə cavab verib-verməməsini aydınlaşdırmaq məqsədilə təftişə start verib. İlk olaraq, Gəncəyə səfər edən qurum nümayəndələri buradakı çatışmazlıqları qeyd edib, problemlərin həll ediləcəyi ilə bağlı təminat məktubu alıblar. Həmin sənədə isə Müüşahidə Şurasının sədri Elmir Vəliyev yox, klubun sabiq prezidenti, indi isə icraşı direktor işləyən Mehman Allahverdiyev imza atıb. Həm də prezident kimi…