Çox vaxt qeyri-adi hadisələrlə yadda qalan Azərbaycan çempionatının yeni mövsümü start götürməmiş yenə də “seçildi”. Artıq ilk turdaca 3 “şok” yaşadıq.
 
Əvvəlcə 2 günə bölünən turun tezliklə 3 gün ərzində yekunlaşacağı aydın oldu. Daha sonra “Qəbələ”nin ev oyunu Mərdəkanda keçirəcəyini öyrəndik. Daha sonra isə “Qarabağ”ın stadionunun hazır olmadığını, onların “İnter”ə qonaq gedəcəyini öyrəndik. Və Peşəkar Futbol Liqası da bunların hamısına acizanə şəkildə “baş üstə” dedi.
 
PFL-ə aidiyyatı olmayan daha bir qəribəlik isə Premyer Liqanın açılış matçı olan AZAL – “Neftçi” görüşündə satışa çıxarılmış biletlərin qiyməti ilə bağlıdı. “AZAL Arena”da keçiriləcək oyunu izləmək istəyən azarkeşlər bunun üçün 2-5 manat pulundan keçməlidi.
 
Düzdü, burada ev sahibi olan komandanı nədəsə qınaya bilmərik. Çünki bilet satışını təşkil etmək, qitmət qoymaq onların daxili işidi. Amma bəzi reallıqlar var ki,  bunu da nəzərə almaq lazımdı. Məsələn, Azərbaycan çempionatının sıradan bir oyununa 2 manata bilet satmaq yalnız gülüş doğurur. Halbuki dünən Avropa Liqası çərçivəsində Fransa “Lill”i keçirilən görüşə baxmaq istəyənlərə bunun üçün 1 manat bəs edib. Hansı ki, oyunların çəkisini, matçların keçirləcəyi arenaların yerini müqayisə etsək, “təyyarəçilər”in verdiyi qərar çox gülünc görünür. Elə şəhərin mərkəzindən Şüvəlana getmək təxminən, 1,5 manata başa gəlir.
 
“AZAL Arena”dakı oyunlara giriş pulsuz olanda belə azarkeş üzünə həsrət qaldığını nəzərə aslaq, bu qərar olan-qalan 5-10 fanatı da tribunadan küsüdürəcək. Çünki məlum iqtisadi çətinlikləri nəzərə alsaq, heç də hamının bu pulu verməyə gücü çatmır. Ola bilsin ki, AZAL bu qərarla rəqib “Neftçi”nin dəstəyini azaltmaq istəyib və doğru taktikadı. Lakin reallıqla qətiyyən uzlaşmır.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp