Maraqlı seçimdi. Ən maraqlısı xəbərin açıqlanma vaxtı, elan olunma tarixidi. Bizdə olan məlumata görə, artıq 3 gündü bu barədə rəsmi qərar olsa da, AFFA müjdəni məhz bu səhər verməyi lazım bildi.
 
FIFA-nın Oyunçuların Statusu Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Emin Mahmudov və Ramil Şeydayevlə bağlı müraciəti ilə əlaqədar qərar qəbul edib. Hər iki futbolçunun assosiasiyasının dəyişdirilməsi ilə bağlı xahişi təmin olunur və onlara Azərbaycan milli komandasında çıxış etməyə icazə verilir.
 
Əla xəbərdi. AFFA illərdi arxasınca düşdüyü soydaşlarımızın saqqızını nəhayət ki, oğurlaya bildi. Xüsusilə Emini yola gətirmək üçün çalışan AFFA istəyinə yalnız cütlüyə ölkə xaricində komanda tapdıqdan sonra nail oldu. Razılaşmanın şərtlərinə görə, Şeydayev “Trabzonspor”a, Mahmudov “Boavişta”ya yerləşdirildi, bir sıra maddi istəkləri yerinə yetirildi və yığmamıza gətirildilər.
 
Əla nəticədi, milli komandamız 2 yaxşı legionerlə güclənəcək. Lakin könül istərdi ki, onların sayı daha çox olsun.
 
Xəbərin məhz indi açıqlanmasının sirri isə birbaşa Elnur Cəfərovla bağlıdı. Portuqaliya “Tondela”sı ilə bəh-bəhlə müqavilə bağlayan, ay tamam olan kimi imtina edilən yarımmüdafiəçiylə bağlı uğursuz layihəni unutdurmaq üçün futbol qurumumuz belə plan düşünüb. AFFA-nın yarıtmaz kadrı Riad Rəfiyevin günahı üzündən karyerası təhlükəyə düşən Cəfərovun geri qaytarılması həm də assosiasiyanın imicinə zərbədi. Çünki qurum bu futbolçunun keçidi ilə birbaşa məşğul olmuş, “Xəzər Lənkəran"a öz hüsabından 30 min dollar ödəmişdi. İndi isə danışıqların qeyri-peşəkar aparılmasının və etibarlı müqavilə bağlanmamasının nəticəsidi ki, piar aksiya əks-effekt verdi. Bunu pərdələmək üçünsə AFFA Şeydayev və Mahmudovla xəbəri məhz indi açıqlayır.
 
Ramillə Eminin acı bağırsaq kimi uzanan dastanının xoş sonluqla bitməsi sevindiricidi. İndi görək AFFA Elnurun keçidinin alınmaması, onun taleyinin necə olacağı, Lənkəran klubuna ödənilən pulun kimin gönündən çıxarılacağıyla bağlı nə açıqlama verəcək?
 
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp