“Qəbələ”nin “Lill” üzərində tarixi qələbəsində “Futbolinfo” da kiçicik pay sahibi olmaq istədi və bunu bacardı. Klubun dəstəyi ilə keçirdiyimiz aksiya gözəl alındı.
 
Avropa Liqası matçından bir gün öncə sosial şəbəkə istifadəçilərimiz arasında müsabiqə təşkil etdik. Məqsəd klub haqda 5 suala doğru cavab verənlərə hədiyyə paylamaq idi. Matça bilet və klubun şərfini mükafat olaraq müəyyənləşdirmişdik. Bununla komandanı belə vacib oyunda daha çox azarkeşin dəstəkləməsində rolumuzun olmasını istəyirdik.
 
İstəyimiz reallaşdı. 33 qalib müəyyənləşdi, onlar üçün matçdan öncə görüş yeri təyin etdik, 2 könüllünün köməyi ilə mükafatlarını payladıq. Onlar da qələbə qolunun vurulduğu qapının arxasında əyləşib matçı izlədilər, komandanı ruhlandırdılar, qələbəyə sevindilər.
 
Maraqlıdı ki, 33 qalibin heç də hamısı mükafatını götürməyə gəlmədi. Üzrlü səbəblərdən vəd olunan vaxtda görüş yerinə çatmayanlar da oldu, şəxsi işləri üzündən, ümumiyyətlə, biletdən imtina edənlər də. Ancaq ən xoş məqam başqa idi. Belə ki, 33 qalibdən 12-si biletdən imtina etdi və əksəriyyəti də oxşar mesaj göndərdi: “Məqsədimiz yalnız müsabiqədə iştirak idi, oyuna bilet almışıq, mümkünsə hədiyyələrimizi ehtiyacı olan, ancaq bilet ala bilməyənlərə verin”. Əla təşəbbüs isi. Daha 4 nəfər də eyni addımı atdı, ancaq onlar görüş yerinə gəldi, klub şərfini götürüb biletdən imtina etdi. Onların da əlində bilet var idi, sadəcə, sevimli klublarının atributuna sahib olmaq istəyirdilər.
 
Yekunda əlimizdə 16 bilet qalmışdı, biz isə onları qaliblərin tövsiyyə etdiyi qaydada payladıq. Stadionun girişində matça baxmaq istəyən, lakin bilet tapmayan xeyli adam var idi. Bəziləri gecikmişdi, bəziləri “qara bazar” alverçilərinə daha çox pul ödəmək istəmirdi.
 
Bilet payladıqlarımız arasında bir cavan oğlan vardı: ağlamaq həddində idi; matça 10 dəqiqə qalmışdı, o isə bilet tapa bilmirdi. Ovucuna sıxdığı bir manat sanki son ümidi idi. Ona bilet hədiyyə etməyə dəyərdi, 90 dəqiqə komanda üçün həyəcan keçirəcəkdi. Bizdən bilet götürdükdən sonra 5 dəqiqə çənə-boğaz etdik, israrla manatlığı bizə vermək istəyirdi – çətinliklə ona biletin “Futbolinfo”nun hədiyyəsi olduğunu başa sala bildik.
 
Bir yaşlı baba vardı, 2 nəvəsinin əlindən tutub məyus halda gözləyir, qapıların bilet tələb olunmadan açılmasına ümid edirdi. Azyaşlılara bilet hədiyyə etdikdən sonra gözləri doldu, təşəkkür yağdırmağa başladı. Bəlkə də “Qəbələ”nin pley-offa yüksəlməsində onun dualarının, nəvələrinin gözlərinin gülməsinin də müəyyən rolu oldu.
 
Bir də baxdıq ki, bilet qurtarıb, matç isə başlayır. Başladı və qurtardı. Ümumi qələbədə 0,001 faiz rolumuz oldusa, komandanı dəstəkləyənlərin 33 nəfəri bizim vasitəmizlə komandaya dəstək verdisə, bunun xoşbəxtliyi bəsimizdi.
 
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp