Sabah azərbaycanlı futbol azarkeşləri avrokubok eyforiyasından ayılıb, bütün diqqətini start götürəcək ölkə çempionatına yönəldəcək. Premyer Liqanın ilk oyun günündə AZAL Şüvəlanda “Neftçi”ni qəbul edəcəksə, “Sumqayıt” Zirədə eyniadlı komandanın qonağı olacaq.
 
“AZAL Arena”da keçiriləcək mövsümün açılış matçında əsas diqqət mərkəzində olacaq futbolçu, şübhəsiz ki, “təyyarəçilər”in qapıçısı Aqil Məmmədov olacaq. Hansı ki, əlcək sahibi şüvəlanlılara məhz “Neftçi”dən keçib. Daha doğrusu, “Neftçi”dən ayrıldıqdan sonra iddialı klub tapmayaraq, məcburiyyət qarşısında qalaraq bu komandanı seçib. Əvvəl aldığından az maaşa “ağ-qaralar”da oynamaq istəməyən Məmmədov bəlkə də hazırda sabiq klubunun ona təklif etdiyi məbləğdən də aşağı məvacibə “çərçivə”ni qoruyacaq.
 
Aqilin diqqətləri üzərinə cəlb etməsinə səbəb olan amillərdən biri də onun ötən mövsüm “Neftçi”nin heyətində AZAL-la məğlubiyyətdən sonra verdiyi açıqlamadı: “Mənim üçün AZAL-a məğlubiyyət ölümdən betərdi. Futbolçuların da dərrakəsi, qeyrəti olmalıdı, çıxıb oynamalıdı”.
 
Maraqlıdı, bu dəfə AZAL forması geyinən Aqil “Neftçi”yə məğlub olacaqları təqdirdə ötən mövsüm dediyi bu fikrinin üstündə qalacaqmı?
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp