Bir neçə dəqiqə öncə Avropa Liqasının pley-off mərhələsində iştirak edən klublarımızın rəqibləri müəyyənləşdi. Sloveniya “Maribor”u ilə münasibətlərinə aydınlıq gətirməli olacaq “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk futbolinfo.az saytına verdiyi müsahibədə rəqib haqda fikirlərini bölüşdü, rəqib qismində kimi görmək istədiyini etiraf etdi.

– Zənnimcə, püşkdən narazı qala bilməzsiniz. Hər halda, potensial rəqibləriniz məlum olduqdan sonra ən münasibi “Maribor” idi…
– Açığı, “Fənərbaxça”nı arzulayırdım. Bir böyük klubla gücümüzü sınamışdıq. İstərdim Türkiyə nəhəngiylə də qarşılaşaq. Azarkeşlərimiz də maraqlı mübarizənin şahii olardı, biz də təcrübə toplayardıq.

– Türkiyə nəhəngiylə qrup mərhələsində qarşılaşarsınız… Sloveniyalılardan narazısınız?
– Püşk atılıb. Razı qalsam da, qalmasam da rəqib dəyişməyəcək. Çıxıb bacardığımızı ortaya qoymalıyıq.

– “Maribor” haqda düşüncələriniz maraqlıdı…
– Bu komanda itib-batmışlardan deyil. Daim səsi Avropa meydanlarından gəlir. Zəngin təcrübəyə malikdilər. Ciddi komandadı.

– Amma “Qəbələ”nin də artıq Avropa təcrübəsindən şikayətlənməyə haqqı yoxdu…
– Elədi. Bu müddət ərzində böyük təcrübə qazanmışıq. Amma indi diqqətimizi fərqli istiqamətə yönəltmişik. Qarşıda bizi iki ağır çempionat qarşılaşması gözləyir. Həmin oyunlardan sonra yenidən Avropa Liqasına köklənəcəyik.

– Etiraf etməyə bilərsiniz, amma “Qəbələ”də ehtiyat qüvvə problemi mövcuddu. Xüsusilə, mərkəz yarımmüdafiəçisinə zərurət duyulur. Əlbəttə, hücumçudan sonra. Bu səpkidə klub prezidentinə müraciət etmək niyyətiniz yoxdu?
– Mənim özümə aid işlər var. Kimdənsə nəsə tələb etmək ixtiyarım yoxdu. Əlbəttə, ehtiyat qüvvə çatışmazlığımız var. Alınsa, əla olar, alınmasa, böyük sevgiylə yanaşdığım heyətimizlə yolumuzu davam edəcəyik.

– Dünən jurnalistlərə verdiyi müsahibədə klub prezidenti Tale Heydərov hücumçu transfer etmək niyyətində olduğunuzu bildirib. Konkret namizəd var?
– Heç bir konkret namizədimiz yoxdu. Bu yöndə mənə məlumat verilməyib.

CEYHUN ƏLİYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp