24 saatdan da az qaldı. Sabah 25-ci ölkə çempionatı start götürür. Aprelə qədər davam edəcək marafonda qalib gəlmək şanslarına nəzər salarkən, “Qarabağ” hamıdan bir addım öndədi. Sabit heyət formalaşdıran son 3 mövsümün əvəzsiz çempionu yenə də favoritlər sıralamasında №1 statusuna sahibdi.

Mövsümlərarası fasilədə daha çox avrokubok iştirakçılarımızı izləyə bilmişik ki, “Kəpəz”lə “Neftçi”nin ağdamlılara “əlcək atmaq” gücündə olmadığını əminliklə söyləyə bilərik. Qalır “Qəbələ”. Ancaq Roman Qriqorçukun komandasının axsayan mövqeyi var – legioner limiti. Əyalət təmsilçisinin aparıcı qüvvəsi isə əcnəbilərdən qurulub.

Bəs, ümumiyyətlə, legioner limiti ölkə futboluna nə qazandırır? AFFA-nın əlindəki bayrağın adı “milliyə futbolçu yetişir”di. Millimizə diqqət yetirək. Komandamızın ümid nöqtələri kimlərdi? Ramil Şeydayev və Emin Mahmudov. Azərbaycan Premyer Liqasına heç bir aidiyyatı olmayan soydaşlarımız. Bu, çempionatdakı legioner limitinin ölkə futboluna verdiyi töhfəyə real cavabdı.

Bəs, limit yığışdırılsa, nə baş verəcək? Sözsüz ki, kəmiyyət azalacaq. Çünki ən güclülər yenə də özlərinə ölkə daxilində iş yeri tapa biləcəklərsə, perspektivlilər ölkə xaricinə üz tutacaq. Ancaq bu dəfə fərqli aurada. İndiki kimi ağızları isti yerdə olmayacaq ki, məşqçi, klub rəhbərliyi tələbkardı, şələ-küləmi yığım, qayıdım Azərbaycana. Onsuz da iş yeri tapacam.

Vaxtilə çempionatımız dayananda neçə-neçə futbolçumuz ölkə xaricinə üz tutmuşdu. Yığmamızın ən parlaq dönəmi də həmin vaxta təsadüf etmişdi. Çünki legioner həyatı yaşayan oyunçularımız dərk edirdilər ki, geriyə yol yoxdu.

Kimlər üçünsə Premyer Liqa qapıları bağlanacaq, ən güclülər xaricə üz tutacaq. Digərləri isə 1-ci divizionda iş yeri axtaracaqlar. Bax, bu, olacaq əsl rəqabət və rəqabətədavamlı futbolçulardan sanballı fiqurlar alınacaq. Aşağı dəstədə top qovanların da stimulu olacaq: üzərlərində çalışıb daha yüksək məvacib almaq üçün elita klublarının diqqət mərkəzinə düşmək.

Bu gün azərbaycanlı futbolçu rəqabətsizlik səbəbindən istədiyi pulu tələb edə bilər. Hətta iqtisadi böhran şəraitində. Ancaq gəlin şərti rəqəmlərə əl ataq. Yerli oyunçu ilinə 100 min dollar tələb edir. Komandaya ondan daha çox fayda verəcək əcnəbi isə 80 minə oynamağa razılaşır. Klub nəyə görə maliyyədə uduzması bir yana, oyun keyfiyyətində də itirməlidi? 

Nə qədər ki, qaydalar sərtləşməyəcək, səviyyə artımına ümid etməyə dəyməz. Süni şəkildə yerli futbolçulara oyun praktikası qazandırmaqla heç bir nailiyətə imza atmaq mümkün olmayacaq. Klublara azad seçim imkanı verilməlidi. 

Bu, nəyə gətirəcək? Elə həmin AZAL daha sanballı yerli futbolçuları sırasına qata biləcək. Özü layiq olduqları pulu vermək şərti ilə. “İnter” və “Qəbələ” tərəzi əldə edəcək: mizanın bir gözündə müəyyən çəkiyə sahib yerlilər, digərində legionerlər. Hansı göz ağır gəlsə, ona da üstünlük verəcəklər. Yerlilər də legioner bolluğunda oyun baxımından artıracaq. Çünki əcnəbilərdən geri qalmadıqlarını hər çempionat oyununda sübuta yetirməyə çalışacaqlar. Belədə, maraqlı oyunların sayı da artacaq, tribunalara gələn azarkeşlər də bir əlin barmaq sayı qədər olmayacaq.

Uzun illərdi müxtəlif legioner limiti tətbiq edən AFFA-ya bu, bir çağırışdı. Etdikləriniz göz qabağındadı. Bir il də limiti ləğv edin, klublara azad seçim hüququ verin. İlk ildəcə bunun bəhrəsini görəcəksiniz. Sabahdan çempionat oyunlarına diqqət edin ki, limitin bizi nə qədər geri saldığını özünüz görəsiz.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp