Avropa Liqasının pley-off mərhələsində “Qəbələ”nin rəqibi olacaq “Maribor” Sloveniya çempionatının son mövsümünün gümüş mükafatçısıdı. Futbolinfo.az xəbər verir ki, əsası 1960-cı il, dekabrın 12-də qoyulan Maribor şəhərinin eyniadlı təmsilçisi bu il 56 yaşını tamamlayacaq.
 
“Maribor” tarixi ərzində 13 dəfə Sloveniya I liqasının qızıl medalını qazanıb. Sonuncu dəfə 2014-2015 mövsümündə çempionluq tituluna yiyələnən sloveniyalılar 5 dəfə gümüş medallara sahib çıxıblar. “Maribor” 9 dəfə Sloveniya Kubokuna yiyələnib. “Qəbələ”nin rəqibi 4 dəfə isə ölkə superkubokunu muzeyinə aparıb.
 
“Maribor”un heyətində yerli futbolçularla yanaşı, Bosniya və Herseqovina, İsrail, Braziliya, Nigeriya və Albaniyadan olan legionerlər çıxış edir.   
 
Klubun prezidenti Draqo Kolar, baş məşqçisi isə yerli mütəxəssis olan Darko Milaniçdi. 49 yaşlı çalışdırıcı bu ildən “Maribor”un “sükanı arxası”ndadı.
 
“Bənövşəyilər” ləqəbini daşıyan “Marbor” ev oyunlarını 12 min 994 tamaşaçı tutumu olan “Lyudski vrt” stadionund keçirir.
 
“Maribor” 2009/2010 mövsümündə Çempionlar Liqasında mübarizəni III təsnifat mərhələsində dayandırıb. Sloveniyalıların pley-offa gedən yolun “Sürix” klubu kəsib. Daha sonra Avroliqanın pley-offunda oynamaq hüququna yiyələnən “Maribor” bu mərhələdə Çexiya “Spartası” ilə bacarmayıb – 0:2, 0:1.
 
Növbəti il Avroliqada iştirak edən mariborlular “Videoton” və “Hibernian” komandalarını mübarizədən kənarlaşdırsa da, pley-offda “Palermo” ilə bacarmayıblar.
 
2011/2012 mövsümündə Çempionlar Liqasında “Düdelanj”ı üstələsə də, “Maribor” daha sonra “Makkabi” (Hayfa) klubuna uduzub. Daha sonra Avroliqanın pley-offunda sloveniyalılar “Reyncers”i məğlub edərək, qrupa düşüblər. Lakin qrup mərhələsində “Brügge”, “Birmingem” və “Braqa” ilə qarşılaşan komanda cəmi 1 xal götürüb.
 
Növbəti il ÇL-də “Jelezniçar” və “Düdelanj”ı keçən “Maribor” pley-offda Zaqreb “Dinamo”suna uduzub. Nəticədə Avroliqanın qrup mərhələsində oynamaq hüququ qazanan “Maribor” burada “Panatinaikos”, “Latsio” və “Tottenhem”lə qarşılaşıb. Komanda qrupda 4 Xal toplayıb.
 
2013/2014 mövsümündə də Avroliqanın qrupunda iştirak edən “Maribor” bu dəfə “Rubin”, “Viqan”, “Zulte-Varegem” klubları ilə üz-üzə gəliblər. 7 xal toplayan Sloveniya təmsilçisi 1/16 finala çıxsa da, burda “Sevilya” ilə bacarmayıb.
 
2014-2015 mövsümündə “Maribor” pley-offda “Seltik”i məğlub edərək, ÇL-in qrupuna düşüb. Burda isə “Sportinq”, “Şalke” və “Çelsi” ilə qarşılaşan sloveniyalılar 3 heç-heçə imza ataraq, qrupda qalıblar.
 
Ötən mövsüm isə komanda sensasiyalı şəkildə ÇL-in II təsnifat mərhələsində “Astana”ya uduzub. Yeri gəlmişkən, Qazaxıstan təmsilçisi daha sonra qrupa düşüb.
 
Cari mövsümdə isə komanda mübarizəyə Avroliqanın II təsnifat mərhələsindən başlayıb. “Levski”ni (0:0, 1:1) səfər qolunun hesabına keçən “Maribor” daha sonra “Aberdin”i üstələyib (1:0, 1:1).
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp