Roman Qriqorçuk göylərdə uçur. Haqlıdı, tarixi zəfərə imza atıb, Fransa sindromunu qırıb.Uşaq kimi tullanıb-düşmək haqqıdı, emosiyaları cilovlamağa gərək yoxdu.
 
Eyni hərəkəti Qurban Qurbaov etsəydi, nə deyərdik? Onu az qala bambılılıqda, düşüklükdə suçlayardıq. Karyerasının ilk çempionluğunda sevincdən axıtdığı göz yaşlarını da burnundan gətirməmişdikmi?
 
Qurbanov bu gün tənqid olunan, Qriqorçuk təriflənən simalardı. Bacarıqları hardasa eyni, uğurları orta hesabla bərabərdi. Lakin onlara baxışımız fərqlidi: özümüzkünü baltalayır, əcnəbini başımızın tacı edirik. Halbuki hər ikisi bu gün atılan püşkdən sonra eyni vəziyyətdədlilər; hər ikisi Avropa Liqasının pley-offunda rəqibini gözləyir; hər ikisi klub futbolumuzun tarixini qızıl hərflərlə yazanlardı…
 
Qriqorçuk açıqlama verir, püşk atılan dəqiqədəcə rəqib haqda fikirlərini bölüşür; Qurbanov isə küskündü – nə telefona baxır, nə də rəqibi şərh etməyi məsləhət görür. İncikdi!..
 
Hə, Qurban bəy “Viktoriya” ilə oyunun sonlarında əvəzetmələrdə səhvə yol verdi. Bu, dəqiqdi, hətta heç vaxt etiraf etməyəcəksə də, belədi. Çempionlar Liqasında qrupa daha da yaxınlaşmaq üçün tarixi şansı qaçırdıq, ümidlərimiz qırıldı. Ancaq o zərbəni hamıdan çox elə Qurbanov kürəyində hiss etdi, axı. Səhvsiz mümkün deyil, amma bu şəhvə görə bütün uğurların üstündən xətt çəkmək olarmı? Qurbanov həmin adamdı ki, çexlərlə 175 dəqiqəlik taktiki savaşda bircə qüsur belə işlətmədi, güclü rəqibi hətta üstələdi də.
 
“Qarabağ”ın qapısı cavab oyununda qola kimi bircə təhlükə yaşamadı, “Viktoriya”nın müdafiəsi isə “aşsüzən”ə dönmüşdü. Bunu da Qurbanov etmişdi, axı. Düzdü, o 5 dəqiqə yekun nəticəni müəyyənləşdirdi, amma hansısa oyunçuların fərasətsizliyi məşqçi üçün ölüm bileti olmamalıdı. Bu ölkənin futbolu illərdi Qurban Qurbanovun uğurları altında kölgələnir.
 
Əslində, xüsusilə sosial şəbəkələrdə “Qarabağ”ın baş məşqçisinin belə qınanmasının konkret səbəbi var. Kimlərsə televiziyada, saytlarda yersiz, Qurbanovun özünə də gərək olmayan mədhiyyələrlə yadda qaldılar. Kimsə şəxsi məqsədi, kimsə gözə girmək cəhdi naminə, lakin bumeranq effektindən əziyyəti həmin adamlarla yanaşı, Qurban bəy də çəkdi.
 
İnsanın dini inanclarını, danışıq tərzini, davranışını məzhəkə obyektinə çevirənləri başa düşmürəm. İnanclı olmaya bilərik, ancaq bu, başqasını məsxərəyə qoymaq anlamına gəlməməlidi. Özümüz içki həvəskarı, “stavka” xəstəsiyiksə, bizim davranışımız doğrudumu? Hərənin öz seçimi, öz yolu var. Əsas olan ortadakı işdi və bu baxımdan da Qurbanovu hətta müqayisə etməyə kimsəni tapa bilmərik.
 
Bu gün “Qarabağ”a da, Qurbanova da dəstək lazımdı. Yıxılanı baltalamaq kişilikdən deyil, qolundan tutub qaldırmalı, qarşıdakı daha vacib oyunlarda yanında olmaq lazımdı. Səhvini deyə-deyə, bunu tamaşaya çevirməklə yox. Yalnız bu halda Avropa Liqasında ardıcıl 3 mövsüm oynayan hansısa komandamız, məşqçimiz olacaq. Hətta “Höteborq” keçilməsə də, Qurbanovun illəri yola verməyə yetəcək qədər imici, nüfuzu var. Bunu zəhməti, alın təri ilə qazanıb.
 
İkinci oyundaca avrokuboklarla vidalaşan komandalarımız var. Hətta onlar da “Qarabağ” qədər yerə vurulmadı. Niyə dəyərlərimizə sahib çıxmır, öz insanımızı arxadan vururuq? Dünən tərif dediyimiz insanı bir oyunla necə silə bilirik? Bütləşdirmək lazım deyil – razıyam, hamı işini görür, haqqını alır, lakin ölkə futbolunun da taleyi bir adamın boyuna biçilməyib, axı.
 
Bu gün hamımız Qriqorçuku tərifləyirik. Layiqdi. Lakin tənqidi də, tərifi də qədərində etmək lazımdı. Çünki 3-4 ay əvvəl istefasını istədiyimiz həmin Roman idi. “Maribor”la oyundan sonra kürəyindən vurulanlardan biri də Qriqorçuk ola bilər.
 
Qurban bəysə özünə gəlsə yaxşıdı, bütün əcnəbilər nəvaxtsa gedəcək, bizə qalan hətta ən pis vaxtlarda da daş altına əlini qoyan özümüzkülər olacaq.
 
Qurbanovun inciməyə haqqı var, amma həm də yoxdu. Uman yerdən küsərlər. Ola bilər istək, arzu çox oldu, gözlənilənlər reallaşmadığı üçün hamı Qurbanovdan üz döndərdi. Lakin yenə hamı ona tərəf gələcək, arxasında duracaq, dəstəkləyəcək. O da “Qarabağ”ı yeni uğurlara aparacaq…
 
FƏRİD
 
P.S.: Müşahidə Şurasının idarə etdiyi klublardan hamısı birlikdə ölkə futboluna Qurbanovun təkbaşına verdiyi qədər xeyir verə bilərmi?
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp