Bu gün Topaz Premyer Liqasında 2016/17 mövsümünə start veriləcək. Futbolinfo.az saytı xəbər verir ki, açılış turunun ilk oyun günüdə 2 matç keçiriləcək. Yubiley – 25-ci milli çempionatımızın “siftə”sini  AZAL ilə “Neftçi” edəcək. Digər duel isə “Zirə” və “Sumqayıt” komandaları arasında olacaq.
 
18:00 AZAL – “Neftçi”
AZAL PFC Baku - Futbolinfo.azNeftchi - Futbolinfo.az
Hakimlər: RƏHİM HƏSƏNOV, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov.
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim inspektor: Asim Xudiyev.
AZAL Arena (3500 yerlik).
 
“Neftçi” ilə şəxsi ədavətindən vaz keçdiyini söyləyən Tərlan Əhmədov hesab edir ki, mövsümün açılış matçında hər şanslar bərabərdi. Lakin ötən mövsüm bu kollektivlər arasında keçirilən 4 dueldən yalnız biri heç-heçə bitib, 2 qarşılaşmadan isə “təyyarəçilər” qalib ayrılıb.
 
Yay fasiləsində AZAL-ın heyətini gücləndirdiyini söyləmək yanlış olardı. Hər halda, Aleksandr Quruli, Stanislav Namaşko, Rail Məlikov, Murat Səttarı kimi aparıcı futbolçular karyeralarını başqa klublarda davam etdirməyə qərar veriblər. Yeni gələnlər diqqət yetirək: Ruslan Əmircanov, Ramazan Abbasov, Röyal Nəcəfov və daha bir neçə nəfər.
 
“Neftçi” isə əsasən legionerlərini yeniləyib. Nikolas Kanales, Anyete, Erik Ramos, Ailton Silva, Xuan Alberto Mellini yola salan paytaxt klubu Edson Kastilyo, Vançe Şikov, Dario Melnyak, Krşevan Santini, Katalin Tira kimi simalarla güclənib. Lakin Avropa Liqasında mübarizəni erkən dayandırması səbəbi ilə komanda üzərində təzyiq var. Belə bir durumda AZAL üzərində qələbə “Neftçi” üçün göydəndüşmə ola bilər.
 
STATİSTİKA: 30 oyun, +7=9-14, top fərqi 26-48
 
ÖTƏN MÖVSÜM…
AZAL – Neftçi 2:1
Neftçi – AZAL 0:1
AZAL – Neftçi 1:1
Neftçi – AZAL 3:1
 
OYUNDAN NOTLAR
* Cəza səbəbindən oyunu heç kim buraxmayacaq.
* AZAL düşərgəsində zədəli futbolçunun olmaması baş məşqçi Tərlan Əhmədovu sevindirən əsas amillərdəndi.
* “Neftçi”də makedoniyalı Vançe Şikov zədəsini sağaltmaqla məşquldu. Araz Abdullayevin oynayıb-oynamayacağı isə dəqiq bilinmir.
* Yay fasiləsində bu iki kollektivdən birini digərinə yalnız bir futbolçu dəyişib – qapıçı Aqil Məmmədov. O, AZAL-ın “çərçivə”sini qorumalıdı.
 
REFERİ
Rehim hakim - Futbolinfo.az
Ötən mövsüm ən çox – 25 görüşdə fit çalan Rəhim Həsənov AZAL-ın 6, “Neftçi”nin isə 5 matçını idarə edib. “Təyyarəçilər” həmin 6 matçdan 2-də qələbə qazanıb, 2 dəfə isə heç-heçə oynayıb. AZAL-a 7 sarı, rəqiblərinə 12 sarı və 1 qırmızı vərəqə verən Həsənov 1 matçda da onların lehinə penalti təyin edib.
 
“Neftçi” isə Rəhimin baş hakim olduğu 5 qarşılaşmanın 3-də qalib gəlib, 1-də uduzub. “Ağ-qaralar”a 13 sarı, rəqiblərinə isə 14 sarı və 1 qırımız vərəqə göstərən Həsənov, 1 matçda “Neftçi”nin qapısına penalti təyin edib.
 
 
20:00 “Zirə” – “Sumqayıt”
Zire FK logo - Futbolinfo.azSumqayit Seher crest - Futbolinfo.az
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Rövşən Rəcəbov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ömər Paşayev.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim inspektor: Füzuli Nəcəfov.
Zirə İdman Kompleksinin stadionu (1300 yerlik).
 
Ötən mövsüm Premyer Liqada debüt edən “Zirə”nin ən çox xal aldığı komandalardan biri “Sumqayıt” oldu. Adil Şükürovun rəhbərlik etdiyi kollektiv “Gənclik şəhəri” təmsilçisinə qarşı keçirdiyi 4 oyundan 3-də qalib gəldiyi halda,1 matç bərabərə bitib.  Özü də sumqayıtlılar yalnız bir görüşdə (3:2) paytaxt klubuna qol vurmağı bacarıblar. Bu mənada, baş məşqçi Samir Abbasov üçün “Sumqayıt”ın kabusuna çevrilən “Zirə” ilə  görüş xüsusi önəm daşıyır.
 
Yay fasiləsində hər iki komandanın heyətində yetərincə dəyişiklik olub. “Zirə” üçün əsas itki Nelson Bonilyadı. Ötən mövsüm 14 qol vuran və Premyer Liqanın bombaridiri Dani Kintanadan 1 top geri qalan salvadorlu hücumçu karyerasını Portuqaliyada davam etdirəcək. Komandaya Tural Cəlilov, Murat Səttarlı, Yasin Həmid kimi tanış simalarla yanaşı, 3 yeni əcnəbi də cəlb olunub ki, onlar bizim üçün hələlik sirli qutudu.
 
“Sumqayıt”ın isə heyət baxımından zəiflədiyini söyləyə bilərik. Hər halda, bir çox aparıcı futbolçular – Ağabala Ramazanov, Pərdis Fərcad-Azad, Uğur Pamuk, Rasim Ramaldanov, Aleksandr Çertoqanov komandanı tərk ediblər. Yeni gələnlərin arasında xüsusi diqqət çəkən birisi yoxdu. Yalnız iranlı legionerlərdən nəsə gözləmək olar.
 
STATİSTİKA: 4 oyun, +3=1-0, top fərqi 6-2
 
ÖTƏN MÖVSÜM…
Sumqayıt – Zirə 0:0
Zirə – Sumqayıt 3:2
Sumqayıt – Zirə 0:2
Zirə – Sumqayıt 1:0
 
OYUNDAN NOTLAR
* Cəza səbəbindən oyunu heç kim buraxmayacaq.
* “Zirə”nin zədə ilə bağlı sıxıntısı yoxdu.
* Zədə üzündən Mikayıl Rəhimovla Bəxtiyar Həsənəlizadə bu gün “Sumqayıt”a kömək edə bilməyəcəklər.
 
REFERİ
1447768075 orxan m - Futbolinfo.az
Orxan Məmmədovu “Zirə” üçün düşərli hakim saymaq olar. Paytaxt klubu ötən mövsüm onun fit çaldığı 5 oyundan yalnız 1-də uduzub, 2 dəfə qalib gəlib.  “Zirə”yə 10, rəqiblərinə 7 “sarı” verən Məmmədovun “qırmızı” statistikasında bərabərlikdi – 1:1.
 
“Sumqayıt” isə Orxan üçün problemli komandadı. Belə ki, onun ötən mövsüm idarə etdiyi “Sumqayıt” – “Rəvan” matçı qalmaqla səbəb olmuşdu. Heç bir əsas olmadan görüşü əlavə 3 dəqiqə davam etdirən və bununla da meydan sahiblərinin bərabərlik qolunu vurmasına şərait yaradan Orxanın bu “qəhrəmanlığı” ona 5 oyunluq cəza gətirdi.
 
Ümumilikdə, ötən mövsüm onun idarə etdiyi 2 oyunda “Sumqayıt” heç-heçə edib. “Gənclik şəhəri” təmsilçisinə 3sarı və 1 qırmızı, rəqiblərinə 7 sarı göstərən Məmmədov 1 matçda da “Sumqayıt”ı penalti ilə cəzalandırıb.
 
FƏRİD
 
 

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp