Premyer Liqanın 1-ci turu çərçivəsində keçirilən "Zirə" – "Sumqayıt" matçından sonra qonaqların baş məşqçisi Samir Abasov mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, 1:0 hesabı ilə qalib gələn komandanın çalışdırıcısı futbolçularını göylərə qaldırdı.

– İlk oyunumuz idi. Üstəlik, səfərdə oynayırdıq. Qələbə qazanmışıq, uşaqlar bacardıqlarından artığını da meydanda qoydu. Uduzsaydıq belə, azarkeşlərimiz bizə təşəkkür edəcəkdi. Deyə bilmərəm ki, bütün oyunlarda bu cür oynaya biləcəyik. Döyüşkən komanda olacağımıza ümid edirəm.

– "Sumqayıt" nəyin hesabına qələbə qazandı?
– İstək, can qoymaq yekunda bizi qalib etdi. Yaşlı, təcrübəlilər də can qoydu, gənclər də. 

– Kamran Ağayev komandaya lazımdı?
– Lazımdı.

– Nəyə görə, məşqçilər qalib gəldikdə "tapşırıqlarımı yerinə yetirdilər", deyirlər, uduzanda tankın altına futbolçuları atırlar?
– Özümüzü "sığortalayırıq".

– Ötən mövsüm Zirədə azarkeşlərlə yola getmirdiniz. Bu gün xeyli fanat ünvanınıza xoşagəlməz sözlər işlətdi, amma cavab vermədiniz…
– Hesabdan qaynaqlanır. Tutanda tutur da…

CEYHUN ƏLİYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp