Azərbaycan Premyer Liqasının yeni mövsümünə start verilib. Çempionatın açılış oyunu Şüvəlanda baş tutub və “Neftçi”  AZAL-ı məğlub edib. Oyunda hesabı açan Elvin Bədəlov həm də mövsümün ilk qolunu vurmuş oldu. Oyundan sonra “ağ-qaralar”ın müdafiəçisi futbolinfo.az saytının əməkdaşının da suallarını cavablandırıb.

– Qəbələ ilə start verdiniz. Amma fərqli hissələr izlədik. İzah edə bilərsinizmi?
– Çox çətin oyun oldu. Ümumiyyətlə, mövsümün ilk oyunları hər zaman çətin, ağır keçir. Havanın isti, meydanın süni örtüklü olması da təsirini göstərdi. Qırmızı vərəqəyə baxmayaraq, fasilədən sonra toparlanmağı bacardıq. Bunun da sayəsində qələbə qazandıq.

– Havanın isti, meydanın süni olması oyunun bu saatda keçirilməsinin düzgün olmadığını deməyə əsas verirmi?
– Düz qeyd edirsiniz. Saat 18:00-da oynamaq olmur. Hava çox istidi. Heç olmasa, matçı 20:00-da başlamaq olardı. Amma bizim bunu dəyişmək səlahiyyətimiz yoxdu. Təqvim açıqlandı, biz də çıxıb oyunumuzu oynadıq. Peşəkarlıq bunu tələb edir.

– Mövsümün ilk qolunu vurdunuz. Bunun xüsusi bir önəmi varmı sizin üçün?
– Təbii ki, buna çox sevindim. Künc zərbəsindən ötürməni qola çevirdim. Bu “ev tapşırığı” idi. Hər şey əla alındı.

– Müdafiə xəttində müəyyən dəyişikliklər olub. Bir-birinizə adaptasiya olmusunuz, yoxsa hələ vaxta ehtiyac var?
– Arxa xətdə çox dəyişiklik olmayıb. İki müdafiəçi komandaya qoşulub. Toplanış zamanı məşq prosesində, eləcə də oyunlarda bir-birimizi tanıdıq. Bu gün meydana kim çıxsa, komandanın uğuru üçün çalışacaq. 

– “Neftçi” bu mövsüm hansı hədəflər uğrunda mübarizə aparacaq?
– “İlk 3-lüy”ə düşməliyik. Bu yerlərdən birini tutmaq bizim üçün əla olacaq.

– Fasilədə nə dəyişdi ki, oyununuzda dönüş yarandı?
– Birinci hissədə isti bizə mane olurdu. Həm də meydana hazır deyildik. Həm hazırlıq prosesini, həm də son məşqlərimizi təbii örtüklü meydanda keçmişdik. Birdən-birə "süni"yə uyğunlaşmaq olmadı. Adaptasiya olduqdan sonra oyunumuzda da dönüş yarandı.

ELMAR ABDULLA-ZADƏ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp