Çoxdan, lap çoxdan idi Türkiyə klublarının iştirakı ilə futbola baxmırdım. Dünən gecə saatlarında “Qalatasaray” – “Beşiktaş” oyununa baxdım.

Türkiyə Superkubokunun qalibini müəyyənləşdirən oyun. Tribunalar, elə türklər özləri demiş, tıklım-tıklım dolu idi. Fanatlar uzun illər əvvəl olduğu kimi, sevimli komandalarını dəlicəsinə ruhlandırırdılar.

Bəs, futbol? Dünən “Kəpəz” – AZAL oyunundan sonra gəncəlilərin baş məşqçisi Şahin Diniyevin sitatının bir hissəsindən istəfadə edim: “Cəmi 1 hissə futbol oldu. İlk 45 dəqiqədə futbol adına heç nə olmadı”. Həə, Türkiyə Superkubokunda qalibi müəyyənləşdirmək üçün tərəflərə 120 dəqiqə yetmədi. Ancaq bu 120 dəqiqədə futbol adına heç nə görmədik.

Bu gün Azərbaycanda maliyyə böhranı baş qaldırıb. Əvvəlki illərlə müqayisədə, pul sel kimi axmır. İndi hamı qənaət sisteminə keçib. Ancaq hətta 8 komandalıq çempionatda kifayət qədər maraqlı oyunlara rast gəlirik. 

Elə götürək 2 gün əvvəl baş tutan “Qəbələ” – “İnter” görüşünü. Meydanda o qədər taktiki savaş gördük ki, bir yazıya sığmaz. Futbolçular da kifayət qədər ağıllı oyun nümayiş etdirirdilər. Penalti də oldu, vərəqələr də, təhlükəli epizodlar da. Özü də bu, 50-60 minlik tribunalar qarşısında deyil, 500-600 fanatlar üçün oyunda baş verdi.

Aydın məsələdi ki, futbolçu dolu tribunalar qarşısında daha əzmkar oynayır. Ancaq bu cür şəraitdə bu komandalar belə oyun ortaya qoyurlarsa, görün 20 minin önündə nələr baş verər!

Bəli, bu gün “İnter” və “Qəbələ” ölkə futbolunun dəbini müəyyənləşdirən klublar arasındadı. Azərbaycan Premyer Liqasında kifayət qədər sönük oyunlar da keçir. Ancaq “Beşitaş”la “Qalatasaray” da Türkiyə futbolunun flaqmanlarıdı. Sərgilədikləri futbolun adı isə “əttökən” idi. Nə normal kombinasiyaya rast gəldik, nə fərdi ustalıq gördük. Özü də adları müqayisə etsək, nə “Qəbələ”, nə “İnter”in futbolçuları “Aslan” və “Qartal”la ayaqlaşa bilərdi.

Öz futbolumuzu gözdən salmaq, dəyər verməmək və ancaq avrokubokdan avrokuboka oyunlara getmək doğru seçim deyil, əziz azarkeş. Bu gün sənin klubların “Beşiktaş”dan da, “Qalatasaray”dan məzmunlu futbol sərgiləyir. İndi bildiniz, nəyə görə Roman Qriqorçuk Avropa Liqasının pley-off mərhələsində “Fənərbaxça”yla qarşılaşmaq istəyirdi?

CEYHUN ƏLİYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp