Alan razı, satan razı, muradına çatan razı. Ruslan Qurbanovun klub dəyişməsinə başqa cür qiymət vermək olmur.
"Qəbələ" məmnundu – axı, yığma üzvü olan yerli oyunçu ilə güclənib. Limit üzündən Pemyer Liqada çətinlik çəkən "qırmızı-qaralar" indi "Qarabağ"la "qızıl mübarizəsi"nə daha ürəklə girə bilər. Rəşad Eyyubovdan ağzı yanan Roman Qriqorçuk yəqin ki, bu transferə görə yaxşıca götür-qoy edib…
"Neftçi" məmnundu – canını qurtarmaq istədiyi futbolçunu yola salıb, üstəlik, 100 min manat da qazanıb. Vəli Qasımovun artıq yük hesab etdiyi oyunçuya görə "Qəbələ" məhz bu qədər transfer haqqı ödəyib. Mövsümün sonuna kimi müqaviləsi olan oyunçu – hər nə qədər lazımsız sayılsa da -, havayı buraxıla bilməzdi…
Ruslan Qurbanov da məmnundu – bir ildi Qəbələyə qaçmaq, avrokuboklarda qrup oyunlarına çıxmaq və daha çox qazanmaq istəyirdi. Yayda bu barədə açıqlama da vermiş, "Neftçi" rəhbərliyinin "müqavilən var" qulaqburmasından sonra sözünü danmışdı. Amma ürəyi Qəbələdə idi, nəhayət, istəyinə çatdı, indi 20 min manatlıq aylıq maaşa oynayacaq…
Hamı razıdı və bu, nəsə qəribədi. Oyunçunu kənara qoyaq, axı, klubların hər ikisi necə razı ola bilər? Yaxşı oyunçudusa – itirən, pisdisə – alan məyus olmalıdı. Görünür, 100 min "Neftçi" üçün ürəyi başqa klubda olan Ruslandan daha qiymətlidi, yerli oyunçu ilə güclənməyə çalışan "Qəbələ" üçün isə tərsinədi.
Əcəba, onsuz da çətin günlərini keçirən "Neftçi" lider oyunçularından birini niyə itirməyə razı oldu? Cavablar yuxarıdakı qeydlərimizdədi: Ruslan qalıb ürəklə oynamırdı, üstəlik, bakılılar da təzə qana ehtiyac duyurdu. İndi həmin pul yeni transferə sərf olunacaq və ümid edək ki, bakılılar bu dəfə səhv etməyəcək. "Qəbələ" "transfer pəncərəsi"nin son günündə nöqtəni qoydu, bakılılar isə gecikdi və yəqin ki, azad agent olan oyunçu axtarışına çıxacaqlar.
Ruslanı Qəbələdə nə gözləyir? Qatı intizam tərəfdarı olan Qriqorçuk onu bir müddət rəndələməli olacaq. Qurbanov istedadsız deyil, lakin özünü sübut etmək üçün mütləq baş məşqçinin tələblərinə cavab verməlidi. Avropa Liqasındakı perspektiv bir qədər dumanlıdı, çətin ki, çox şans qazansın, Premyer Liqada isə Ruslan mütləq komandaya yardım edəcək. Bəlkə də işə elə növbəti turda – sabiq klubu "Neftçi"yə qarşı oyunda başladı…
FƏRİD
P.S.: "Mənimlə it kimi davrandılar" açıqlaması maraqlıdı. Ruslan bunu "Qəbələ"yə keçən kimi dedi. Rəhbərliyə və azarkeşlərə təşəkkür etdi, məşqçiyə yox. Bildiyimiz qədəri ilə Vəli Qasımov da "itoynadan" deyil. Ancaq bu açıqlama da boşuna verilməyib və Qurbanovun narazılığının ifadəsidi. Bir az da aydınlatsaydı, maraqlı olardı.
P.P.S.: Qriqorçuku ərköyün uşaqla əzablı dərs saatları gözləyir. İlk dərs keçmişə hörmətdən olacaq…