“Qəbələ” Qafqazın kiçik şəhərini təmsil edir. Orda işləmək mənə çox böyük təcrübə qazandırdı”. Futbolinfo.az xəbər verir ki, bu sözləri İngiltərənin “Arsenal” klubunun əfsanəvi kapitanı Toni Adams deyib.

“Qəbələ”də müxtəlif vəzifələrdə çalışmış Adams hazırda fəaliyyətini Çində davam etdirir. O, bu ölkənin “Çonqqinq Lifan” klubunda gənclərin inkişafı departamentinin rəhbəri vəzifəsində çalışır.
 
Bununla bağlı xarici mətbuata açıqlama verən Adams Azərbaycanı da yada salıb. O, əvvəlcə yeni iş yerindəki planlarından söz açıb: “Çində olmaqdan məmnunam. “Çonqqinq Lifan” mənim üçün yeni təcrübədi. Klubun problemləri çoxdu. Amma düşünürəm ki, müəyyən zaman kəsiyində səbrlə çalışıb, lazımi addımları atacağıq. İstərdim ki, 3-5 il ərzində stabil komanda formalaşdıraq və çempionatda yüksək yerlər uğrunda mübarizə aparaq”.
 
İngiltərə yığmasının sabiq müdafiəçisi Çində yemək baxımından problem yaşamadığını qeyd edib: “Çonqqinqdə qərb restoranı var. Bundan əlavə, mənə lazım olan təamların satıldığı mağazalar da kifayət qədərdi. Odu ki, burda yaşamaq üçün heç bir problem yoxdu”.
 
Adams söhbət əsnasında “Qəbələ” ilə bağlı da danışıb. Təcrübəli mütəxəssis Azərbaycanda keçirdiyi əməliyyata toxunaraq, hazırda özünü yaxşı hiss etdiyini bildirib: “Azərbaycanın öz mədəniyyəti var. Ümumiyyətlə, mən müxtəlif mədəniyyətlərə açığam və onlara asanlıqla uyğunlaşıram. Yəni insanları uzun zamanda mənim fikirlərimə alışmağa məcbur etmirəm. Azərbaycanda əməliyyat olundum. Çox gözəl başa düşürəm ki, həkim Üzeyir Rəhimov və onun Bakıdakı tibbi komandası olmasaydı, indi burada deyildim”.

Shares: