"Neftçi" Müşahidə Şurasının qərarları bəlli oldu. Avqustun 27-də baş tutmuş yığıncağla bağlı ilkin açıqlamada şuranın bu həftə yenidən yığışacağı qeyd edilsə də, belə olmadı. Elə həmin iclasın nəticəsi olan qərarlar klub saytında yerləşdirldi.
 
Görünən odu ki, Müşahidə Şurası uğursuzluqdan, komandanın nəticələrinin pis olmasından təngə gəlib. Elə bu səbəbdən bəzi məsələlərə nəzarət etmək üçün konkret şəxslər müəyyənləşdirilib.
 
Klubda islahatların davam etdirilməsi
Klubda infrastrukturun yaradılması istiqamətində böyük işlər görülməsi, idarəetmə sistemində islahatlar aparılması, futbol akademiyası strukturunun qurulması, maliyyə hesabatlarında şəffaflığa nail olunması qərarda xüsusi vurğulanır. Bununla yanaşı, klubun xərclərinin optimallaşdırılması, eləcə də inzibati heyət və kadr siyasətinə təkrar baxılması ilə bağlı qərar qəbul edilib. Amma bunun necə ediləcəyi qaranlıq qalır.
 
İnzibatı heyətin nəticələrdə nə kimi rol oynaması müəmmadı. Kadr siyasətinə gəlincə, burada yalnız futbolçu və məşqçi heyətindən söhbət gedə bilər. Çünki qərarın ilk cümlələrində infrastrukturun yaradılması, idarəetmə sistemi və s. məsələlərdə görülən işlər yüksək qiymətləndirilir. Deməli, idarəedici heyət işin öhdəsindən gəlir. Müşahidə Şurası tərəfindən bu istiqamətdə koordinator təyin edilən Cəbrayıl Cəbrayılovun hansı islahatlara imza atacağı, nələri dəyişəcəyi zamanla bəlli olacaq.
 
Sabit və uzunmüddətli maliyyə sisteminin yaradılması istiqamətində işlərin davam etdirilməsi
Klub tərəfindən 3 milyon ABŞ dolları həcmində olan borcun əsas hissəsinin ödənildiyi vurğulanır. Futbolçulara verilməli olan son 2 ayın maaşı və keçmiş futbolçulara olan borclar isə sponsorların və bank kreditlərinin cəlb edilməsi sayəsində ödənilir. Klubun 01.07.2015-01.07.2016-cı illəri əhatə edən maliyyə audit hesabatı 15.10.2016-cı il tarixinə kimi ictimaiyyətə təqdim edilməlidir. Bunu da Cəbrayıl Cəbrayılov və Zaur Qəhrəmanov etməlidi.
 
Bunu sponsorlar qarşısında hesabat da saymaq olar. Hər şeyin şəffaf şəkildə göstərilməsi vacibdi. Ola bilsin, xərclərdə yanlış yönləndirmələr olsun, lakin hər qəpiyin hesabatı açıqlanmalıdı. Maliyyə audit hesabatı açıqlandıqdan sonra nəticələrin pis olmasının maliyyəyə, yoxsa sırf səhv məşqçi və oyunçu seçiminə görə olduğu aydınlaşacaq.
 
Vəli Qasımovun əsas komandanın baş məşqçisi vəzifəsinin icrasını davam etdirməsi
Baş məşqçi ilə yollar ayrılmırsa, deməli, problem təkcə onunla bağlı deyil. Düzdü, onun qarşısına mövsümü ilk “üçlük”də bitirmək tapşırığı qoyulub. Eyni zamanda Qasımov nəticələrə görə birbaşa məsuliyyət daşıyacaq. “Təyinat” belədisə, deməli, bütün transferlər də məşqçinin razılığı ilə edilib və hesabat da ondan istəniləcək.
 
Müşahidə Şurasının komandanın idman nəticələrinə görə birbaşa məsuliyyət daşımaması haqda qeydlər də doğrudu. Dolayısı ilə uğursuzluğa görə hamı günahkardı. Ancaq Müşahidə Şurası transferlərə, oyuna hazırlığa, taktikaya, heyət seçiminə qarışmır. Bu isə birbaşa məsuliyyəti baş məşqçinin boynuna qoyur.
 
Klubda fəaliyyət göstərən texniki komitənin işinin təkmilləşdirilməsi istiqamətində də işlər görüləcəyi qeyd olunur, lakin bu məsələyə nəzarət edəcək adam müəyyənləşməyib. Deməli, Qasımova nəzarət edən olmayacaq, o özü şura qarşısında hesabat verəcək, nəticə olmayacağı halda vəzifəsindən göndəriləcək.
 
İdman strukturundakı islahatlar
Müşahidə şurası skautinq sisteminin yenidən qurulması və idman strukturunun koordinasiya edilməsinə də ehtiyac duyur. Bu istiqamətdə Səməd Qurbanovun koordinator təyin edilməsi gözləniləndi. Veteran futbolçu bundan sonra transfer məsələlərində əsas söz sahibi olacaq və baş məşqçiyə birbaşa nəzarət edəcək.
 
İctimaiyyətlə görüş
İctimaiyyətlə və görüşmək istəyən hər kəslə sentyabr ayının sonuna kimi "Bakcell Arena”da görüşlərin təşkil edilməsi də qərara alınıb. Bəhram Bağırzadənin bu istiqamətə təyinat alması göstərir ki, əsas məsələ azarkeşlərlə münasibətlərin qaydaya salınmasıdı. Faktiki, fanatlar klubdan narazıdı, oyunlara gəlmir, komandanı boykot edirlər. Bağırzadə onlarla görüşüb fikirlərini dinləməli, onların haqlı iradlarını şuranın müzakirəsinə çıxarmalıdı.
 
Tədbirlər planının hazırlanması
"Neftçi” PFK-nın 80 illik yubileyi və 1966-cı ildə qazanılmış "bürünc” nailiyyətin 50 illiyi ilə bağlı tədbirlər planının təsdiq olunması da yaddan çıxmayıb. Mehdi Nəcəfov və Fərhad Bədəlbəyliyə tapşırılan sahə komandanın nəticələrinə təsir dairəsinə daxil deyil, lakin vacib hissədi. Bu işlər klub imicinə müsbət təsir etməlidi, eyni zamanda faydalılığı birbaşa komandanın nəticələrindən asılıdı. Komanda autsayder olacaqsa, hansısa yubiley tədbiri və s. effektsiz görünəcək.
 
Və…
Yuxarıda sadalanan məsələlərə rəhbərlik "Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayevə həvalə olunub. Bu isə o deməkdi ki, Müşahidə Şurası, nəhayət, müşahidə etməkdən vaz keçib, işlərin yaxşılaşdırılması üçün əməli fəaliyyətə start verir. Görünür, onlara bu klubu həvalə edənlər gedişatdan narazıdı və daşın altına əl qoymalarını tələb edirlər.
 
Qərarlarda icraçı direktor Elnur Məmmədovun adının çəkilməməsi də normaldı. Çünki bu şəxs şuraya daxil deyil. O, bütün işlərə rəhbərlik edir, icraçı rolunu oynayır, onun fəaliyyətinə isə şura qiymət verir. Məmmədovun istefaya göndərilməsi ilə bağlı deyilənlər isə hələlik inandırıcı görünmür, klubdan da bu xəbəri təkzib edirlər. Şura araşdırmalarını yekunlaşdırdıqdan sonra bu barədə nəsə demək olar. Görülən müsbət işlərlə (klubda infrastrukturun yaradılması istiqamətində böyük işlər görülməsi, idarəetmə sistemində islahatlar aparılması, futbol akademiyası strukturunun qurulması, maliyyə hesabatlarında şəffaflığa nail olunması) yanaşı, çatışmazlıqlar (skautinq sistemi, transferlərin uğursuzluğu, nəticələrin yaxşı olmaması) da var. Məmmədovun bu məsələlərdə hansı rola sahib olması yalnız şura üzvlərinə bəllidi. Çünki məşqçini qorumaq qərara alınıbsa, deməli, problemin səbəbi başqadı. Və icraçı direktor son sözü deyən adam olmadığından nəticələrə görə də birbaşa məsuliyyət daşıya bilməz.
 
Qərarlar da göstərir ki, “Neftçi”də əsas problem transferlərlə bağlıdı. Komandanın nəticələrində bu amil böyük rol oynayır. Transferləri reallaşdıranlar, bu keçidlərə razılıq verənlər kimlərdisə, məsuliyyət də onların boynuna yüklənəcək.
 
AĞA
Shares: