Ruslan Qurbanov karyerasını “Qəbələ”də davam etdirəcək. Rusiyadan gələndən sonra əvvəlcə “Sumqayıt”, sonra “Neftçi”, bir ara “Hayduk”, indi də “qırmızı-qaralar”…
 
Millimizin düşərgəsində olan futbolçu dünən “facebook” səhifəsindəki paylaşımla “ağ-qaralar”dan incik ayrıldığını aşkar büruzə verib. Elə onun “mənimlə it kimi davrandılar” deməsi, futbolçuya tribuna vermək üçün ciddi əsas idi.
 
Futbolinfo.az saytına verdiyi müsahibədə Qurbanov bir çox məsələlərə aydınlıq gətirdi.
 
– İlk olaraq, keçidin barədə fikirlərini almaq istəyərdik…
– Olduqca sevincliyəm ki, “Qəbələ” kimi iddialı komandaya keçdim. Rəhbərliyə, baş məşqçiyə mənə etimad göstərdikləri üçün dərin minnətdarlığımı bildirirəm. Bütün bacarığımı ortaya qoyacam ki, onların mənə göstərdikləri etimadı doğruldum. Roman Qriqorçuk kimi mütəxəssislə çalışacağıma görə özümü xoşbəxt hiss edirəm. Çalışacam ki, “Qəbələ”də özümü sübut edim.
 
– Klub rəhbərliyi, baş məşqçiylə görüşmək imkanın olubmu?
– Xeyr, hazırda millinin düşərgəsindəyəm. Ayın 7-də “Qəbələ” Azərbaycana dönəcək və bundan sonra həm rəhbərliklə, həm də Roman İosifoviçlə görüşəcəm. İndi bütün diqqətim San-Marinoyla oyuna yönəlib. Bu qarşılaşmada yığmamıza maksimum fayda vermək haqda düşünürəm.
 
– “Neftçi”dən ayrılığın bir qədər qəribə alındı. Elə yazdığın status da birmənalı qarşılana bilməz…
– Bu haqda geniş danışmaq istəmirəm. Ancaq onu xüsusilə vurğulamaq istəyirəm ki, Müşahidə Şurasının sədri Çingiz Abdullayev həqiqətən böyük şəxsiyyətdi. Bəli, komandamız daim istənilən, gözlənilən nəticəni verə bilmirdi. Amma Çingiz müəllim daim bizim yanımızda olurdu. O, bizə hər zaman dəstək olurdu. Təəssüf ki, bəzi insanlar oldu ki, dəyərimi vermədilər. Ötən mövsüm bütün uğursuzluqlara baxmayaraq, 18 qola imza atdım. “Neftçi”ni sevirəm. Rəhbərliyə də mövsüm başa çatdıqdan sonra müraciət edib, imkan daxilində məvacibimə əl gəzdirməsini xahiş etdim. Konkret rəqəm səsləndirmədim. Nəyə gücləri çatarsa, sağ olsunlar. Etməsəydilər də incik düşməyəcəyimi bildirmişdim.
 
– Çingiz Abdullayevdən ağızdolusu danışdın. Əsasən də ünsiyyətdə olduğun şəxs baş məşqçidi. Belə çıxır ki, Vəli Qasımovdan incimisən?
– Ad çəkməyəcəm. Ancaq Vəli müəllimə böyük hörmətim var və münasibətlərimiz lap yaxşı idi. Olan-oldu. İndi millimizin oyunu barədə düşünürəm. San-Marinodan gəldikdən sonra “Qəbələ”yə qoşulacam. Bax, bundan sonra hər şeyi götür-qoy edəcəm. Ehtiyac duysam, ad çəkəcəm.
 
– Sənə cinahda oynamaq daha rahatdı, yoxsa mərkəz hücumçusu mövqeyində?
– Cinahda özümü daha rahat hiss edirəm.
 
– “Qəbələ”də hansı mövqedə çıxış edəcəksən? Müqaviləyə imza atmamışdan öncə bu yöndə söhbətin olub?
– Xeyr, bu səpkidən heç kimlə danışmamışam. Ancaq hansı mövqedə oynayacağımı müzakirə etməzdən öncə, bu komandaya yararlı olduğumu sübuta yetirməyə çalışmalıyam. Baş məşqçi mənə etimad göstərsə, hansı mövqedə oynamağımdan asılı olmayaraq, “qırmızı-qara” formanın haqqını verməliyəm.
 
– Başqa təkliflər var idi?
– Bəli, Avstriya “Şturm”u, Xorvatiyanın bir neçə klubu, Rusiya Premyer Liqasının qarşısına ilk 7-liyə düşmək vəzifəsi qoyan komanda personama maraq göstərirdi. Açığı, Avropadan gələn təkliflər “Qəbələ”də alacağımdan azacıq fərqlənirdi. Ancaq ingilis dilini bilmirəm, bu da “köhnə qitə”də baş çıxarmağa problem yaradır. Mənsə ancaq rus dilini və bir az Azərbaycan dilini bilirəm. Bütün hallarda, ilyarıma – iki ilə legioner həyatı yaşamağı düşünürəm. Çünki inkişaf etmək istəyirəm. “Qəbələ” də bu yöndə gələcək karyeram üçün önəmli addım ola bilər.
 
– Ancaq ad çəkməsən də…
– Bir arzum var. Çingiz Abdullayevlə görüşmək istəyirəm. Ona bütün həqiqətləri çatdırmaq istəyirəm. Ola bilsin, bir çox şeydən xəbərsizdi. Ən əsası isə Çingiz müəllimlə halallaşmaq istəyirəm.
 
CEYHUN ƏLİYEV
Shares: