Sentyabrın 4-də millimizin rəqibi olacaq San-Marino yığmamızla ilk dəfə qarşılaşacaq. Avropada ən zəiflərdən sayılan bu ölkə tarixi ərzində əsasən, böyükhesablı məğlubiyyətləri ilə yadda qalıb. 1990-cı ildən bəri keçirdikləri 127 oyunda cəmi 1 qələbə qazanıb, 4 dəfə isə heç-heçə ediblər. Yeganə uğur 2004-cü ildə evdə Lixtenşteynlə matçda qeydə alınıb – 1:0.
 
Avropanın bu cırtdan ölkəsinin statistikasına nəzər salsaq, maraqlı faktlarla qarşılaşarıq. Apenninlilərin 2006-cı ildə Almaniyadan evdə aldığı 0:13 hesablı məğlubiyyət Avropada yığmalar səviyyəsində tarixə düşmüş ən fərqli nəticədi. Bundan başqa, haqqında söhbət açdığımız ölkə Hollandiyadan 11, Norveç, Belçika, Polşa və Xorvatiyadan isə 10 top buraxmağa macal tapıb.
 
San-marinolular ümumiyyətlə, seçmə mərhələlərdə cəmi 3 dəfə 90 dəqiqəni məğlubiyyətsiz başa vura biliblər. 1993 və 2014-cü  ildə evdə müvafiq olaraq, Türkiyə və Estoniya ilə evdə 0:0 oynayan komanda 2001-ci ildə də Latviya ilə səfərdindən xalla dönüb – 1:1.
 
Maraqlıdı ki, həmişə buraxdığı qolların sayı ilə yadda qalan bu ölkə tarixi bir rekorda da sahibdi. Belə ki, San-Marino dünya çempionatlarının final və seçmə mərhələsində bütün dövrlər üzrə ən tez qola imza atıblar. Maraqlıdı ki, bu qol futbolun yaradıcılıarının – İngiltərənin qapısına vurulub. 8,3-cü saniyədə David Qvaltarenin vurduğu qol belə komandasını darmadağından xilas etməyib – 1:7.
 
Bundan başqa, deyilənə görə, sözügedən yığma ilk 11 matçında küncə zərbəsi vurmağa müvəffəq olmayıb və 1-ci dəfə bu hüquqa 12-ci qarşılaşmasında – səfərdə Türkiyə ilə matçda sahib olub. 1992-ci ildə Ankaradakı görüşün 53-cü dəqiqəsində baş verən bu siftə “ay-ulduzlular”ın qapısına qolla nəticələnib. Belə ki, qapı qarşısına ötürürlən topdan sonra  yaranmış qarşılıqdan Nikola Baccioci lazımınca istifadə edib.
 
San-Marinonun Türkiyə ilə siyasət aləmində də maraqlı bağlantısı var. Adıçəkilən ölkələr 100 ilə yaxındı müharibə vəziyyətindədi. Nə qədər qəribə görünsə də, bu, tarixi bir gerçəklikdi. 1-ci Dünya Müharibəsində İtaliya ilə birlikdə onlar da Türkiyəyə savaş elan ediblər. Lakin sonradan tərəflər arasında bugünə qədər sülh müqaviləsi imzalanmayıb. Buna səbəb müharibədən sonra Türkiyə ilə müttəfiq dövlətlər arasında bağlanılan Mondros, Sevr və Lozanna sülh müqavilələrinə  San-Marinonun heç kim tərəfindən dəvət olunmamasıdı. Elə o vaxtdan bəri hər iki ölkə nümayəndələri danışıqlar masası arxasına əyləşmədiyindən məsələ qapanmamış sayılır.
 
ELMAR ABDULLA-ZADƏ
Shares: