“Məğlub olanda tənqidlə üzləşirik. Ancaq biz o tənqidlərə fikir verməməliyik”. Futbolinfo.az xəbər verir ki, bu sözləri Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo deyib.
 
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də millimizin qonağı olacaq norveçlilər 3 gün sonra San-Marino yığması ilə qarşılaşacaqlar.
 
Mətbuat konfransı keçirən Hoqmo bu görüşlərlə bağlı fikrini bölüşüb. O bildirib ki, Azərbaycanla oyun Norveç üçün asan keçməyəcək: “Azərbaycan yığması çətin rəqibdi. Ötən seçmə mərhələdə keçirdiyimiz hər 2 oyunda bizə gərgin döyüş yaşadıblar. Xorvatiya ilə matçda da bunu bacarmışdılar. İstənilən halda, Azərbaycan millisi ilə ağır döyüşə hazırıq. Nə istədiyimizi dəqiq bilirik”.
 
Hoqmo əlavə edib ki, Norveç yığması yaxın gələcəkdə daha güclü komandaya çevrilə bilər: “Əgər biz tezliklə Almaniya yığmasının səviyyəsinə qalxmaq istəyiriksə, daha yaxşı hücum futbolu göstərməliyik”.
Shares: