Bu gün Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun oyunları keçiriləcək. Ancaq hələ də “Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Çexiya “Viktoriya”sı ilə oyun yaddaşlardan silinməyib. Və ən əsası əksəriyyət Azərbaycan çempionunun ÇL-in qrupuna düşməsinin zamanının yetişdiyini iddia edir. Bəs, büdcə buna imkan verirmi?

Futbolinfo.az Çempionlar Liqasının qrupunda mübarizə aparan komandalardan ən aşağı maliyyə dəstəyinə sahib olanların siyahısını təqdim edir:

“Brügge” (Belçika) – 65,85 milyon avro
“Bazel” (İsveçrə) – 65,60 milyon avro
“Seltik” (Şotlandiya) – 54,50 milyon avro
“Dibamo” (Zaqreb, Xorvatiya) – 47,85 milyon avro
“Ludoqorets” (Bolqarıstan) – 45,10 milyon avro
“Rostov” (Rusiya) – 43,70 milyon avro
“Koppenhagen” (Danimarka) – 30,75 milyon avro
“Legiya” (Polşa) – 30, 40 milyon avro.

“Qarabağ”ın illik büdcəsi 10 milyon avro avro civarındadı. Ölkə çempionunun Reynaldosu, Almeydası və Kintanası var. Bu futbolçular həqiqətən səviyyələrini sübut etmiş, bir sıra Avropa klublarında oynamağa qadir olduqlarını ortaya qoyublar. Ancaq ÇL-in qrupuna 3 futbolçuyla getmək olmur. Bununla heç də Ağdam klubunun digər oyunçularının zəif olduğunu iddia etmirik. Ancaq reallıq budu ki, çempionumuz ardıcıl 3 dəfə ÇL-in 3-cü mərhələsində büdrəyib. Deməli, komandanın potensialı məhz bura qədərdi. Bəli, “Viktoriya” səddini adlamaq olardı. Ancaq Çexiya çempionunu keçdikdən sonra yenə də yuxarıda büdcələri göstərilən komandalara qarşı oynamalı və böyük ehtimalla “salam Avroliqa” deməli olacaqdılar. 

ÇL-in ən kasıb klubuna büdcədə 3 dəfə uduzmağı istək, əzmkarlıq, taktiki sxemlə yalnız möcüzə və təsadüf üstündə aradan qaldırmaq olar. Reallıq budu ki, ölkəmizin ən zəngin klubu bu gün Çempionlar Liqasının qrupuna düşmək üçün yalnız təsadüfə bel bağlaya bilər. Ən pböyük problemimiz isə klubun daxili vəsait hesabına heç olmasa, 20-25 milyonluq büdcə civarına yüksəlmək şansının olmamasıdı. 

Çünki ölkə çempionatımızın səviyyəsi olduqca aşağıdı və heç bir xarici ölkə bizim birinciliyə maraq göstərən deyil. Reklam bazarında ciddi sponsor müqaviləsi imzalamaq üçün böyük uğurlara imza atmalısan. Məlum olduğu kimi də “Qarabağ” ancaq “Azərsun”un məhsullarını reklam edir ki, bu da pulun sol cibdən sağ cibə keçməsidi. Alternativ reklam mənbələri tapmaq üçünsə sərhədlərdən o yana boylanmaq lazımdı. Bəlkə də xaricdən reklam tapmaq mümkün olar. Ancaq həmin şirkət Azərbaycana gəlib yatırım etmək istəyəndə, məlum əngəllərlə üzləşəcək və yekunda sövdələşmə bünövrədəcə boğulacaq.

Bilet satışı barədə isə heç danışmağa dəyməz. Milləti oyuna pulsuz aparmaq olmur, bundan gəlir götürmək barədə düşünmək isə uğursuz alınan zarafat kimi bir şeydi.

Bəli, hansısa kafe-restoran şəbəkəsi qurub, bunu “Qarabağ” brendinə bağlamaq mümkündü. Burdan müəyyən gəlir də əldə etmək olar. Ancaq həmin məbləğ də klubun böyük ölçüdə hansısa yaralı barmağını sağalda bilməz. 

Göründüyü kimi, ÇL xülyası qurmağın heç bir adı yoxdu. Reallığa söykənib, “ayağımızı yorğanımıza görə uzatmalıyıq”. Gübahı nə “Qarabağ”da, nə də başqa bir klubda axtarmaq lazım deyil. 

CEYHUN ƏLİYEV

P.S. “Yerli gənclər yetişdirib, öz güclərinə çıxsınlar” da deməyin. SSRİ dövründə “Neftçi”nin yetişdirdikləri maksimumu hamımız bilirik.

Shares: