– AFFA rəsmisi kimi “Neftçi”də baş verən prosesləri necə dəyərləndirirsiz?
– Biz AFFA olaraq klubların daxili işlərinə müdaxilə etmirik. Təbii ki, hansısa klub bizdən məsləhət, tövsiyyə istəsə, biz hər zaman qayğısına qalarıq. Hazırkı “Neftçi”də vəziyyət yəqin ki, birbaşa komandaya aid olan məsələdir. Bununla bağlı da klubun Müşahidə Şurası qərar qəbul edib, biz buna şərh vermək istəmirik. Ümumiyyətlə, bu, vacib məqamdı, bunu qeyd edim. Müşahidə Şurası AFFA tərəfindən tövsiyyə olunub, məqsəd də müşahidə etməkdi, icra işlərinə çox qarışmamalıdılar. Buna yaxşı nümunə kimi “Kəpəz”i göstərə bilərik. Müşahidə Şurasında çox tanınmış simalar olsa da, yalnız oyundan-oyuna görüşürlər. 3 aydan bir də qlobal qərar qəbul edirlər, məsələn, məşqçi ilə müqavilə və s. “Sumqayıt”da da həmçinin Müşahidə Şurası var. Orda da İcra Hakimiyyətinin nümayəndələri, Milli Məclisin üzvləri var. “Neftçi”də isə MŞ bir az icraçı şurası kimi alındı, məncə, burda balans pozuldu. AFFA-nın bu tövsiyyəsinin əsas məqsədi bu idi ki, şura müşahidə etsin, şəffalıq yaratsın və qlobal qərarla qəbul etsin.
 
– “Neftçi”yə təyinatların üçü də AFFA-ya tanış simalardı. Bu barədə sizinlə məsləhətləşmə oldumu?
– Sözün düzü, Orxan Hüseynzadə AFFA-da işləmirdi, ancaq o, futbol ailəsindən çıxmış adamdı. Mən özüm bu qurumda işləməmişdən Orxanı tanıyıram, bilirəm ki, çox aktiv idi. Bəzi klubları o yaratmışdı 2000-ci illərin əvvəllərində. Sonra biz onu dəvət elədik, 2008-ci ildə, 3-4 il bizimlə əməkdaşlıq etdi. Çox müsbət insandı. Peşəkardı. Daha sonra isə özəl sektora keçsə də, UEFA-nın nümayəndəsi kimi futbolda qaldı. İndi isə “Neftçi” özü onunla əlaqə saxlayıb. Ancaq Çingiz müəllim bizə də zəng vurub soruşdu ki, nə deyə bilərsiz. İslam Abbasov isə millidə hazırda da baş inzibatçı kimi çalışır. Onlara kömək lazım oldu, bizdən xahiş etdilər ki, onalara müvəqqəti kömək etsin, biz də razılıq verdik. Elnur Eyvazovu isə tanımıram.
 
– Sizcə, “Neftçi”nin uğursuzluğunun səbəbi çıxarılan həmin bu üç nəfərdi?
– Onu mən deyə bilmərəm. İşin içində olmadan, nəsə demək çətindi.
 
Bu, AFFA-nın baş katibi Elxan Məmmədovun müsahibəsindən bir hissədi. O, 2 həftə öncə baş tutan “Qarabağ” – “Slovan” görüşündən sonra danışarkən çox vacib məqamları qeyd etmişdi. Baş katib “Neftçi”ylə bağlı suallara cavab vermək istəməyə-istəməyə faktiki əla manevr etmiş, eyni zamanda hamıya mesaj göndərmişdi. Onun Müşahidə Şurasını sözarası tənqid etməsi o zaman o qədər də diqqət çəkməmişdi. Lakin indi işlərin gedişindən aydın olur ki, baş katib əslində, başverənlərdən narazıdı.
 
“Neftçi” bataqlıqdadı və bu klubda elə işlər görülüb ki, komandanı ağ günə çıxarmaq üçün, Robert Prosineçki demişkən, “bir neçə il lazımdı”. İndiki heyəti ciddi şəkildə gücləndirmək üçün xeyli futbolçunu qovmaq gərək olacaq. Amma “qovmaq” və “yeniləri gətirmək” sadəcə, söz yığını deyil. Bunun arxasında böyük maliyyə xərcləri dayanır. Gedənlərə kompensasiya vermək, transfer edilənlərə isə xeyli pul xərcləmək lazımdı. Həm də elə oyunçular alınmalıdı ki, indikilərdən güclü olsun, “Qarabağ” və “Qəbələ” ilə rəqabətdə komandanı ayaqda saxlasınlar.
 
Müşahidə Şurası sponsorlardan bu qədər maliyyəni alacaq gücdədimi? Yox! Çingiz Abdullayev təmiz adla işlədiyi vaxtlarda bunu bacarmadısa, komandanı bu vəziyyətə salandan sonra çətin ki, kimsə ona inansın.
 
Hər şey yaxşı başlamışdı. Müşahidə Şurası yaradıldı, idarəçilik icraçı direktor Elnur Məmmədova  tapşırıldı. Beləcə komanda quruculuğuna start verildi. Baza tikintisi, akademiyanın qurulması, infrastrukturun yenilənməsi ilə bağlı işlər hər nə qədər uğurlu aparılsa da, nəticələr yaxşı deyildi. Və ötən mövsüm dekabrda AZAL-a məğlubiyyətdən sonra bunu düzəltmək üçün atılan radikal addım faktiki hər şeyi məhv etdi.
 
Elxan Məmmədov da elə müsahibəsində məhz bunu deyir. O zaman Müşahidə Şurası qərar verdi ki, komandanın idman nəticələrinə nəzarəti öz öhdəsinə götürür. Samir Əliyev kimi, Əsgər Abdullayev də baş məşqçi vəzifəsindən zorla uzaqlaşdırıldı, ictimaiyyətə isə bu addım “qarşılıqlı razılıq” kimi təqdim olundu. Vəli Qasımov baş məşqçi postuna gətirildikdən sonra isə transferlərdə bir aktyorun teatrı başladı. Buna qədər bütün transferlər kollegial şəkildə verilən qərardan sonra reallaşırdısa, indi hər şeyi Qasımov həll edirdi. Bütün transferləri o təkid edir, razılaşdırır, yalnız maliyyə məsələlərini icraçı direktor razılaşdırır və Müşahidə Şurası təsdiq edirdi.
 
Vəli bəyin xüsusilə Vançe Şikovun keçidində israrlı olması, transfer büdcəsinin az qala yarısını bura sərf etməsi hələ də müəmmalıdı. Makedoniyalının transferində kim israrlı idi, az qala yarım milyon manata başa gələn bu oyunçunun gəlməsini kim istəyirdi? Bunu Qasımov və ona bu səlahiyyətləri verən Müşahidə Şurası bilir.
 
Ondan sonrakı bütün transferlər də eyni qaydada edildi. Bir növ icraçı direktor ofsayda salındı və şuralı struktur mahiyyətini itirdi. “Neftçi”də işləri Müşahidə Şurası görməyə, qərarları verməyə başladı.
 
Bu mövsümün əvvəlində vəziyyət daha da qəlizləşdi. Müşahidə Şurası komandayla bağlı bütün səlahiyyətləri əlinə keçirdi və müşahidəçi statusunu dəyişib icraçıya çevrildi. Nəticələr fiaskoya çevrildikdən sonra artıq Qasımovu qurban verməkdən başqa çarə qalmadı. Elnur Məmmədovu işdən çıxarmaq isə məsuliyyəti həm də onun boynuna yükləməkdən başqa bir şey deyildi.
 
Ondan sonra daha 2 tur oynanılıb və “Neftçi” hər ikisində də uduzub. Artıq hədəfdə Müşahidə Şurasıdı. İndi nə Qasımov var, nə də Məmmədov, nəticələr isə nəinki düzəlmir, əksinə, pisləşir. Komanda hətta evdə autsayder “Sumqayıt”a uduzacaq səviyyəyə gətirilib. İndi məsuliyyəti boynuna atmağa adam qalmayıb, hamı sədr Çingiz Abdullayevi hədəf göstərir. Xalq yazıçısı isə belə tənqidlərə öyrəşməyib. Bəlkə də hansı işə qol qoyduğunu indi anlayıb, lakin çox gecdi.
 
Bəs, şurada Qasımova bu qədər səlahiyyətlər verən kim idi? Abdullayevin arxasından iş çevirən, eyni zamanda şurada bütün bunların reallaşmasına nail olan kimsə var axı. Hə, o, Zaur Qəhrəmanovdu. Atası SOCAR-da vitse-prezident olan bu şəxs klubu qarışdıran əsas simadı. Bəlkə də o, Elxan Məmmədovla münasibətləri korlanan Elşad Nəsirovun planlarını həyata keçirir, bəlkə də başqa nəsə səbəb var, amma reallıq odur ki, Qasımovun təyinatının birbaşa səbəbkarı məhz bu şəxsdi. Vaxtilə, Əkbər Hacıyevin dövründə Vəli bəy “Neftçi”yə elə bu xətt vasitəsi ilə gəlmişdi, idman direktoru olmuş, sonra biabırçı nəticələr üzündən qovulmuşdu. İndi yenə eyni ssenari davam edir.
 
Son təyinatlar göstərir ki, “Neftçi”də nüfuz mübarizəsi bitməyib. Baş məşqçi Elxan Abdullayev yığmanın köməkçi məşqçisidi, hətta millinin inzibatçısı da bura vəzifəyə gətirilib, Orxan Hüseynzadə birbaşa baş katibin kadrıdı. Lakin klubdakı həlledici post Elxan bəyə dəxli olmayan adama tapşırılıb. Baş katibin yeni icraçı direktor Elnur Eyvazovu tanımadığını bildirməsi sıradan açıqlama deyildi. İndi isə bu şəxs digər yenilərdən ayrı gəzib dolanır, hətta son günlər onun başqası ilə əvəzlənəcəyi barədə söhbətlər dolaşır.
 
İndi ortada qalan Çingiz Abdullayevdi. İmicinin zədələnməsini görən və bundan narahat olan sədr məngənədədi. Onu “Neftçi”yə gətirən şəxslər yazıçını çətin vəziyyətdə qoyublar. Bütün işlərin Müşahidə Şurasına həvalə olunması taktiki səhv olsa da, reallıqdı. Elxan Məmmədov isə bu faktdan yapışıb həm öz kadrı Elnur Məmmədovu müdafiə edir, həm də şuranın mahiyyətinin pozulmasından narahatlığını dilə gətirir. O, “Neftçi”də MŞ bir az icraçı şurası kimi alındı, məncə, burda balans pozuldu” deməklə öz yaxasını da kənara çəkib, Çingiz Abdullayevi və onun hamilərini hədəf kimi göstərir.
 
Zaur Qəhrəmanov əslində, ciddi fiqur deyil, savadı, bacarığı da çətin ki, belə karusel yaratmağa imkan versin. Sadəcə, “Neftçi”də nəzarəti Elxan Məmmədova, dolayısı ilə AFFA-ya verməkdə maraqlı omayan dairələr var ki, onlar ondan istifadə edir. Gələcək planlarda bəllidi. Müşahidə Şurası mövcud olduqca “Neftçi”də maxinasiyalar mümkünsüzdü, hər şey şəffaf idarə olunmalıdı. Bu səbəbdən Çingiz Abdullayevi zərbə altına qoyaraq nəticələrin daha da pisləşməsində maraqlı qüvvələr var. Bu gedişlə hamı şuranın ləğvini tələb edəcək, qışda klubda ciddi islahatlar aparılacaq və dövlət büdcəsindən maliyyələşən kluba əlavə yatırımlar ediləcək. O zaman isə artıq o pulu istədiyi kimi bölüşdürənlər tapılacaq. Çünki “Neftçi” təkcə pul bölüşdürülən yer deyil, həm də gələcək karyera üçün əla tramplindi. Bu klubun əksər rəhbərləri sonralar hansasa vəzifəyə gediblər.
 
Hələlik Elxan Məmmədov bəzi kadrlarını kluba yerləşdirməklə bunun qarşısını almağa çalışır, lakin qarşı tərəfdə də əla “şahmat ustaları” var, onlar da mübarizəni uduzmaq istəmir. Klubun biabırçı nəticələri heç kimə maraqlı deyil, əsas prioritet məqsədə nail olmaqdı. Son günlər klubun sabiq futbolçularının aşıqlamaları, konkret olaraq Saşa Stamenkoviçin rəhbərliyi maliyyə maxinasiyalarında ittiham etməsi də sıradan olay deyildi. “Neftçi”də tam hakimiyyətə nail olmaq istəyənlər Elxan Məmmədovun kadrlarını gözdən salmaq istəyirdi. Həm də bunu sabiq rəhbərliyin – Sadıq Sadıqovun dövründəki adamların əliylə etməyə cəhd göstərirdi. Belə mənzərə yaratmaqla Sadıq bəyin “iş çevirdiyi” görüntüsü yaradırdılar.
 
“Neftçi”də çox şeylər baş verir, nüfuz müharibəsi gedir. Müşahidə Şurası planı ya bu klubda iflasa uğrayacaq, ya da tam möhkəmlənəcək. Amma müharibənin qalibi futbol olmayacaq. Elxan Məmmədov “İşin içində olmadan, nəsə demək çətindi” söyləsə də…
 
FƏRİD
Shares: