Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində Almaniya "Maynts"ından alınan 2:3 hesablı məğlubiyyətdən sonra "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis sərgilədikləri oyundan razı qaldığını bildirib.
– Razısınız ki, "Maynts" daha əzmkar oyun nümayiş etdirdi?
– Buna fərqli baxıram. Bu gün almanlar bütün komponentlərdə "Qəbələ"dən üstün idi. Fiziki güc, sürət, ağıllı oyun. Uşaqlara dedim ki, zərrə qədər keflərini pozmasınlar, onlar qladiator kimi vuruşurdular. Yetirmələrim vəhşi kimi oynayırdılar. Bunu başa düşmək lazımdı ki, "Qəbələ" və "Maynts" fərqli səviyyədə olan komandalardı. Bu cür oyunlara ehtiyac var ki, hansı istiqamətdə inkişaf etmək üçün çalışmalı olduğumuzu bilək.
– Hesab 2:1 olarkən, rəqib 2 futbolçunu döyüşə atdı. Ehtiyat oyunçular skamyasına baxıb, heyfslənmədiniz?
– Rəqib komanda tam komplektləşib. Bilirdim ki, əvəzetmələrə əl atacaqlar. Bundan sonra tempi dəhşətli dərəcədə artırdılar. Əlbəttə, dediklərinizi başa düşürəm. Ancaq futbolçularımızın ruhdan düşməsini istəməzdim. Çünki onlar bacardıqlarından da artığını etdilər.
– Ancaq buraxılan qollar müdafiəçilərin səhvlərindən sonra vuruldu…
– Səhvin son ünvanı müdafiəçilərdi. Əlbəttə, təhlillər zamanı hər şeyi uşaqlara başa salırıq. Ancaq heç kimi günahlandırmaq istəmirəm. Çünki onlar bu gün 2 oyunluq enerji itirdilər. "Maynts"ın təklif etdiyi sürət dəhşətdi. Zənnimcə, Filip Ozobiç meydanda olan 22 futbolçu arasında hamıdan çox qaçdı. Doğrudu, texniki göstəriciləri mənə hələ təqdim etməyiblər, lakin bu, gözəyarı fikrimdi.
– Teo Uiks və Nika Kvekveskirinin yoxluğu komandanızın oyununa hansı dərəcədə təsir elədi?
– Əlbəttə, bu itkilər özünü göstərdi. Bu səviyyədə oynayan komandaların 2 bərabərsəviyyəli heyəti olmalıdı. Əminəm ki, onlar olsaydı, daha güclü "Qəbələ" görərdiniz. Çünki bu futbolçular "Qəbələ" ruhuna tam cavab verən oyunçulardı.
CEYHUN ƏLİYEV