“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov “Qəbələ” – “Maynts” oyunundan sonra futbolinfo.az saytının əməkdaşının da suallarını cavablandırıb.

– Matç haqqında fikirlərinizi bildirərdiz…
– Oyundan əvvəl komanda ilə danışıq olmuşdu, demişdik ki, öz meydanımızda oynayırıq. Qalib gəlməliyik. Ancaq təssüflər olsun ki, alınmadı. Özünüz də gördüz, oyun maraqlı keçdi. İmkanlarımız oldu, istifadə edə bilmədik.

– Komandanın oyunundan ümumiyyətlə, razı qaldız? Müdafiə xəttində kobud səhvlər var idi…
– Səhv hər komandada ola bilər. Ümumilikdə oyunçularımızdan çox razı qaldım. Gücümüz buna çatır.

– Bu, artıq ikinci məğlubiyyətdi. Bunu növbəti mərhələyə yüksəlmək şansları baxımından qırılma nöqtəsi hesab eləmək olar?
– Məncə, hələ şans var. 

– Sizcə, bu nəticə komandanın ölkə çempionatındakı çıxışına necə təsir edəcək? Ötən mövsüm də “Qəbələ” ilk turlara yaxşı başlayıb, sonradan uğursuzluq yaşamışdı…
– Ötənilki komanda ilə bu komanda arasında çox böyük fərq var. İndi daha təcrübəliyik. Harda səhvlər etmişik, bilirik və təkrarlamamağa çalışırıq. İnanmıram kiN, bu dəfə də eyni ssenari yaşansın.

– Teo Uiksin yoxluğunu hiss elədizmi bu gün?
– Keçən oyun da hiss eləmişdik. Hazırda komandada oyunçu sayı məhduddu, ona görə də hər bir olmayan futbolçunun yeri hiss olunur.

– Demək olarmı ki, “Qəbələ” bu gün ehtiyat oyunçular skamyasının dar olmasının güdazına getdi?
– Səbəblərdən biri o idi, bəli.

– Sizin fikrinizcə, qrupdan çıxmaq üçün nə çatmır?
– Açıq danışaq, səviyyə fərqi çoxdu. Özünüz hər şeyi görürsüz. Axırda bütün söhbətlər gəlib büdcədə dayanır. Aradakı uçurum öz sözünü deyir. Ona görə biz çalışırıq ki, komanda olaraq şəhərimizi və ölkəmizi layiqincə təmsil edək. Mən elə düşünürəm ki, biz buna nail oluruq. Uduzsaq da, axıra kimi mübarizə aparırıq.

– Tale bəy nə düşünür bəs bu barədə? Büdcənin az olmasını qeyd etdiniz…
– Büdcə azdı deyəndə onu nəzərdə tutmuram ki, bir-iki oyunçu alsaq, hər şey düzələcək. Rəqəm açıqlamaq istəmirəm, ancaq 8 dəfə bizdən çoxdu bu komandanın büdcəsi. 1-2 nəfərlə həll olunası deyil. Bura kimi gəlmişik, bu mərhələdəki bütün komandalar belə səviyyədədi.

– Çempionatdakı rəqabətsizlik rol oynayrmı bu uğursuzluqda? Məsələn, Premyer Liqada qol buraxmayan Bezotosnı Avroliqada 2 qol buraxıb…
– Fərqli turnirlərdi. Bu iki çempionatı müqayisə eləmək olmaz. Ancaq rəqabətsizliyin təsiri barəsində dəfələrlə danışmışıq. Bugünkü reallıq budur və biz də bununla barışmalıyıq.

– Roman Qriqorçukun adı nə vaxt ki, digər komandalarla hallanır, həmin vaxtdan “Qəbələ”də eniş başlayır. Keçən il də belə oldu, bu il də deyəsən elə olacaq…
– Siz eniş nəyə deyirsiz? Bizdə heç bir enişdən söhbət gedə bilməz. Güclü rəqiblə oynamışıq və kifayət qədər səviyyəli oyun göstərmişik. Bu eniş deyil. Qəbul etmək lazımdı ki, rəqib çox güclüdü. Bunun başqa izahı yoxdu. Mən desəm ki, məşqçinin filan taktiki səhvi var idi, birincisi mütəxəssis deyiləm, ikincisi səhv edərəm, çünki bu futbolçularla maksimum nə edə biliriksə, edirik.

ELMAR ABDULLA-ZADƏ

Shares: