“Qəbələ”nin estoniyalı hücumçusu Sergey Zenyov “Maynts”la oyundan sonra (2:3) futbolinfo.az saytının əməkdaşının da suallarını cavablandırıb.

– Artıq “Qəbələ”nin bombardiri hesab olunursuz, bu, sizin üçün xüsusi məna kəsb edir?
– Təbii ki, belə bir uğur çox xoşdu, ancaq əsas olan komandanın qələbəsidi. Bu, alınmayıbsa, deməli, bir mənası yoxdu.

– Ardıcıl ikinci oyunda məğlub olursuz, sizcə, nəhayət xal və ya qələbə qazanmaq üçün nəyi dəyişmək lazımdı?
– Bu, məşqçilərin işidir. Məncə, başq məşqçimiz bizə öz tapşırıqlarını verəcək ki, gələcək oyunlarda uğrulu çıxış edə bilək.

– Qrupdan çıxmaq şanslarının çox azaldığını demək olarmı?
– Aydındı ki, iki məğlubiyyətlə başlamışıqsa, əlbəttə ki, şanslarımız çox azalıb. Növbəti oyunda artıq belə çıxış etmək haqqımız yoxdu.

– “Qarabağ”la qarşıdakı oyun haqqında nə düşünürsüz?
– Çox önəmli qarşılaşmadı. Turnir cədvəli baxımından həlledici ola bilər. Yaxşı dincəlib o oyuna hazırlaşacağıq.

– Sizin üçün hansı daha vacibdi? Avroliqada uğurlu çıxış etmək, yoxsa Premyer Liqada çempion olmaq və növbəti il Çempionlar Liqasında oynamaq?
– Fərqləndirmək istəmirəm. Həm bu, həm də digər turnirdə uğurlu çıxış etmək istəyirik.

– Ola bilərmi ki, burda şanslar minimuma endiyi üçün “Qəbələ” bütün diqqətini çempionata yönəltsin?
– Düşünürəm ki, biz hər bir oyuna maksimum hədəflər üçün çıxırıq. Fərq qoymuruq oyunlar arasında.

– Necə düşünürsüz, üzərinizdə təzyiq var, yoxsa özünüzü normal hiss edirsiz?
– İstənilən halda rotasiya olur, çempionatda fərqli oyunçular çıxır meydana.

– Ancaq sizin ehtiyat oyunçular skamyası çox “dardı”…
– Nə qədər çox seçim imkanı olmasa da, hər halda dəyişikliklər olur.

– Milli komandada da çıxış edirsiz. Çətin deyil…
– Alışmağa və mübarizə aparmağa çalışırıq.

– Uiksin olmaması çox təsir edir komandaya?
– Əlbəttə çox çətindi onsuz, üstəlik Nika Kvekveskiri də yoxdu. Meydanın mərkəzində oyun qurmaq çətin olur. İstənilən oyunçunun olmaması, hiss olunur.

ELMAR ABDULLA-ZADƏ

Shares: