UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qəbələ” Almaniyanın “Maynts” klubu ilə qarşılaşıb. Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisinin 3:2 hesabı ilə qalib gəldiyi görüşdə “qırmızı-qaralar”ın ilk qolunu Ruslan Qurbanov vurub. Hesab 0:1 olarkən penaltini dəqiq yerinə yetirən hücumçu matç haqda fikirlərini klub saytına açıqlayıb:
“Çox ağır oyun oldu. Hesabda geri düşsək də, vəziyyəti düzəldib, tarazlıq yaratdıq. Hətta önə də keçdik. Artıq 2:1 hesabı ilə irəlidə olarkən, 3-cü qolu vurmağa çalışır, qələbəni qoruyacağımıza, qalib gələcəyimizə inanırdıq. Lakin təəssüflər olsun ki, bunu bacarmadıq. Rəqib çox güclü idi. Xüsusilə də fiziki cəhətdən. Məğlub duruma düşdükdən sonra xeyli artırdılar və matçı öz xeyirlərinə dəyişdilər. “Maynts” Bundesliqa klubudur. Heyətində çox güclü futbolçular var. Onlar çempionatda “Bavariya”, Dortmund “Borussiya”sı kimi rəqiblərlə oynayır”.
Komandaya yeni qoşulmasına baxmayaraq, məsuliyyəti üzərinə götürən Qurbanov penaltini soyuqqanlılıqla qola çevirməsini özünəinamla bağlayıb: “Matçdan öncə baş məşqçimiz penalti olacağı halda, zərbəni kimin vuracağını demişdi. Həmin anda mən sakit, həyəcansız idim. Özümə inanırdım. Yeni klubumda 11 metrlik zərbənin mənə həvalə olunması sevindiricidir. Bu etimada görə baş məşqçimizə təşəkkür edirəm. Zərbəni yerinə yetirərkən, son addımımda qapıçının bir küncə hərəkət etdiyini gördüm və artıq qol vurmaq asan oldu. Baş məşqçimizin komandanın oyunundan razı olması yaxşıdır. Lakin öz oyunumdan tam razı qalmadım. Bunda rəqibin də rolu oldu. Çox güclü komanda olduğundan bütün meydanı bağlamışdılar. Biz boşluqlar axtarmağa məcbur idik. Çalışacam ki, üzərimdə işləyib, oyun planında daha da artırım”.
Qurbanovun fikrincə, ilk iki matçda məğlubiyyətə baxmayaraq, qrup mərhələsində uğurla çıxış etmək şansları itirilməyib: “Mərhələ keçmək üçün hələ şansımız var. Arxada qalan oyunları yaxşı təhlil edəcəyik. Səhvlərimizi müəyyənləşdirəcəyik ki, bir daha təkrarlamayaq. Belə olan halda nəticə də qazana bilərik”.