Futbolinfo.az saytı fəaliyyətini bərpa etdi. Dünən axşamdan işimizdə yaranan problemləri yalnız bu gün səhərə yaxın yoluna qoya bildik.
Hər şey dünən axşamüstü sayta yerləşdirdiyimiz bir yazıdan sonra başladı. “Qəbələ” – “Maynts” oyunu bitəndən az sonra redaksiya telefonumuza ardıcıl 2 zəng gəldi. Həmin yazıdan narahat olanlar müəyyən “hörmət”in qarşılığında yazını silməyimizi istədi. “Sayta qoyulan yazını heç vaxt çıxarmırıq” cavabını aldıqdan həmən sonra isə həmin adamlar “Futbolinfo”nu susdurmaq üçün başqa yola əl atdılar.
Sayta haker hücumu o qədər ciddi idi ki, iş iflic olmuşdu. Nə xəbər yerləşdirmək olurdu, nə də hansısa yeniləmə etmək mümkün idi. Amma yenə də danışıqlara getmədik, axıra qədər yolumuzdan dönmədik. Həmin yazı indi də saytdadı. Bu gün səhər inadımızı görən hakerlərin hücumları səngidi və sayt fəaliyyətini bərpa etdi.
Əslində, bu işləri kimin gördüyü bəllidi. Bəzi insanlar eyni yola bir sıra KİV-ə təzyiqlər edib. Sanki onları tənqid etmək olmaz. Ya dedikləri ilə razılaşmalısan, ya da səni susdurmaq üçün əllərindən gələni edirlər. Bu dəfə daş qayaya rast gəldi.
Hələlik sayt tam gücü ilə fəaliyyət göstərə bilmir, müəyyən texniki problemlər var. Lakin tezliklə hər şey yoluna qoyulacaq və “Futbolinfo” dimdik ayaq üstə olacaq. Müvəqqəti narahatçılığa görə oxuculardan üzr istəyirik.