Ölkəmizdə səfərdə olan UEFA-nın yeni prezidenti Aleksander Çeferin bu gün Qız Qalasının qarşısında jurnalistlər üçün brifinq keçirib. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:

 
– Bu cür tədbirlərin hansı müsbət təsirləri olur?
– Bu cür tədbirlər futbolun inkişafına çox kömək edir. Ümid edirəm ki, bu, sizdə uşaqların futbola cəlb olunmasına kömək edəcək və komandanız böyük turnirlərin final mərhələsində çıxış etmək hüququ qazanacaq.
 
– AÇ-2020-yə ev sahibliyi edəcək Bakının loqosu ürəyinizcədimi?
– Loqodan çox xoşum gəldi, razılığımı bildirdim. Bu loqonun arxasında duran ideya millətlərin birləşməsi üçün hesablanıb. Əsas məqsəd budu.
 
– Azərbaycan futbolunun infrastrukturu ilə tanış ola bildinizmi?
– Az müddətdi ki, Azərbaycandayam. Dünən “Qəbələ”nin “Maynts”la oyununda oldum, 8-ci km qəsəbə stadionunu gördüm. Bir də Bakı Olimpiya Stadionunu kənardan görmüşəm. Çox gözəldi, bəyəndim.
 
– “Qəbələ” – “Maynts” matçını tribunadan izlədiniz. Oyunla bağlı fikriniz necədi?
– Çox qol gördük. Bu isə azarkeşlər üçün müsbət məqamdı.
 
– Bakının yaxın gələcəkdə Çempionlar Liqası və ya Avropa Liqasının finalına ev sahibliyi etmək şansı varmı?
– Bunun üçün UEFA-ya sifariş göndərmək lazımdı. Təbii ki, qalib olmaq mümkündü. Sifariş kitabçasında ən yüksək yerdə olan şəhərlərə bu cür finallar verilir.
 
– AFFA-nın baş katibi Elxan Məmmədovu UEFA-da hər hansı bir məsul vəzifədə görə bilərikmi?
– Həmişə belə bir şans var. Amma bu, AFFA prezidenti Rövnəq Abdullayevə ünvanlanacaq sualdı. Apasport

Shares: