Dünən “Qəbələ” Avropa Liqasının qrup mərhələsinin 2-ci oyununda da məğlub oldu. Bu dəfə “qırmızı-qaralar” Almaniya “Maynts”ı qarşısında “ağ bayraq” qaldırdılar – 2:3.

Hesaba bir baxın, komanda “Böyük beşlik” ölkəsinin sayılıb-seçilən komandası ilə qarşılaşır, rəqibin qapısına 2 dəfə yol tapır! Oyunun ssenarisinə bir baxın, Azərbaycan klubu ilk yarını 0:1 məğlub başa vurur, lakin fasilədən sonra iki dəfə rəqib torunu silkələyib önə keçir! Düzdü, nəinki qələbəni, bərabərliyi belə, qorumaq mümkün olmur. Ancaq söhbət, “Sumqayıt”, “Rəvan”, “Neftçi”dən yox, ötən mövsüm Almaniya çempionatını 6-cı pillədə (!!!) bitirmiş komandadan gedir. 

Bu cür rəqiblə dramatik məcrada keçən oyunda alınan məğlubiyyətdən sonra “günah keçisi” axtarmaq gülüncdü. Görün son 2 mövsümdə hansı sıçrayışa nail olub “Qəbələ”! Elə almanlarla müqayisə edək. Ötən mövsüm eyni mərhələdə və eyni stadionda “Borussiya”dan 4 cavabsız qol yeyən Qriqorçik@CO bu dəfə 68-ci dəqiqəyədək hesabda öndə idi…

Oyunun qopma anı Şmidtin etdiyi əvəzetmələr oldu. Söhbət heç də alman çalışdırıcının döyüşə atdığı futbolçuların fərqlənməsindən getmir. Onun əlinin altında olan istənilən oyunçu tempi artırmaq iqtidarında idi. “Qəbələ”nin kimi var idi?

Heç bu sual ətrafında düşünən insan “Qəbələ”ni nədəsə suçlaya bilər? Məgər Qriqorçuka təklif olundu ki, Ozobiç, Dabo, Kvekveskiri səviyyəsində daha 6-7 oyunçu ala bilərsən, o da imtina elədi? Təbii ki, ukraynalı çalışdırıcı da heyətin gücləndirilməsini istəyir. Amma real büdcə var, ayağını buna uyğun uzatmalısan. Elə mətbuat konfransında səsləndirdiyi söz də yerinə düşürdü: “Uşaqlar əsl qladiator kimi vuruşdu”. Qladiator döyüşlərində isə savaşanlardan biri öldürülürdü. “Qəbələ”nin futbolçuları “öldürülmədi”, “harakiri” etdilər. Başqa sözlə, hər biri meydanda canını qoydu. Möhtəşəm tamaşa idi. Dadanlar daddı, dadmayanlar günahı özlərində axtarsın.

“Qəbələ” yarandığı gündən bəri ən yaxşı futbolunu dünən oynadı. Qriqorçukun memarı olduğu “qırmızı-qara” “Qəbələ”. Qədrini bilin… hər ikisinin – memarının da, ifaçılarının da.

CEYHUN ƏLİYEV

Shares: