Avropa Liqasında 2-ci tur təmsilçilərimiz üçün uğursuz bitdi. Rəqiblərin “Böyük beşlik” ölkələri təmsilçisi olması əvvəlcədən belə aqibəti proqnozlaşdırmağa əsas verirdi. Amma yenə də uğurlu nəticəyə ümid edirdik.

“Qəbələ” “Maynts”la oyunda sürprizə çox yaxın idi. İlk qolu buraxmasına baxmayaraq, hesabda önə keçməyi bacaran təmsilçimizin ilk xallarını qazanmağa gücü yetmədi. Alman klubunun baş məşqçisi 2 əvəzetməylə hücumu gücləndirib vəziyyəti dəyişdi. Roman Qriqorçuk isə sadəcə, ehtiyat oyunçuar skamyasının qısa olması üzündən heç nə edə bilmədi. Formal dəyişikliklər yalnız vaxt udmağa kifayət etdi.

Nika Kvekveskiri və Teo Uiksin yoxluğu özünü nəticədə göstərdi. Orta sahədə heç cür istədiyinə nail ola bilməyən “Qəbələ” bəsit heyətlə 2 qol vurmağı bacardısa, buna görə də alqışlanmalıdı. Filip Ozobiç isə hər cür tərifə layiqdi. Təmsilçimizin yeni tapıntısı “qara-qırmızılar”ı ayaq üstdə saxlayan oyunçulardan idi. Penalti qazanıb, ikinci qolun təşkilində də iştirak edən futbolçu ən xoş sözləri qəbul etməlidi.

Almanlarla indiyəqədərli bütün oyunlarda məğlubiyyət görmüşük. Təəssüf ki, “Qəbələ” də bu pis ənənəni poza bilmədi. 2:3 hesablı yenilgi faciəvi nəticə olmasa da, hər halda, sindromun davam etdiyini göstərir.

“Qarabağ”ın məğlubiyyəti daha üzücü oldu. Ancaq ağdamlılar komanda halında “Fiorentina”ya uduzmadı. Çempionumuz ilk yarım saatda İtaliyada hətta üstün futbol sərgilədi. Orta sahədə itirilən bir top və Elvin Yunuszadənin meydandan qovulması Qurban Qurbanovun bütün planlarını alt-üst etdi.

Bu oyun bir daha sübut etdi ki, Elvin “Qarabağ”da oynamağa layiq futbolçu deyil və baş məşqçi sadəcə, çarəsizlikdən ona güvənməli olur. Qırmızı vərəqə gördüyü epizodda mövqe seçimindəki səhv və hərəkətlərini idarə edə bilməməsi, sonda da qüsurlu müdaxiləsi belə hesab alınmasında birbaşa rol oynadı.

Azlıqda qaldıqdan sonra “Qarabağ”ın Florensiyada möcüzə göstərməsi çətin idi. Və “Fiorentina” fasiləyə kimi 3 qol vurmaqla matçın taleyini həll etdi. İkinci hissədə daha 2 top buraxan təmsilçimiz son dəqiqələrdə Dino Ndlovunun sayəsində təsəlli tapdı – 1:5.

Hər iki komandamızın qrupdan çıxmaq şansı xeyli azalıb. “Qarabağ” 1 xala sahibdi, “Qəbələ”də isə o da yoxdu. Lakin hələ ikisi evdə olmaqla, daha 4 oyun var. Belə yarışda ev qələbələri çox vacibdi və bəzən 7-8 xal da növbəti mərhələyə yüksəlmək üçün kifayət edir. Ona görə də sonadək dirənməli, ümidimizi itirməməliyik.

Etiraf edək ki, klublarımız qitə səhnəsində sabit çıxışa nail olsalar da, hələ də qrand ölkə təmsilçiləri ilə mübarizəyə hazır deyillər. Bunda isə ölkə çempionatındakı rəqabətsizlik, Premyer Liqada tətbiq olunan legioner limiti və yerli oyunçuların səviyyə baxımından aşkar geri qalması birbaşa rol oynayır.

AĞA

Shares: