UEFA prezidenti Aleksander Çeferinlə birlikdə bu gün Qız Qalasının qarşısında brifinq keçirən AFFA prezidenti Rövnəq Abdullayev AÇ-2020-yə hazırlıqla bağlı məlumat verib. Futbolinfo.az xəbər verir ki, federasiya rəhbəri Bakının başqa yarışlara da ev sahibliyi edəcəyini istisna etməyib.

 
– "Azərbaycan-2020: Gələcəyə baxış" inkişaf konsepsiyası barədə nə deyə bilərsiniz?
– Biz bunun təqdimatını etdik. Bu, proqramda bir yol xəritəsidi. Bunun üçün çox iş görülüb, böyük qüvvə sərf olunub. Amma proqramı tərtib etmək yox, onu həyata keçirmək daha çətindi. Biz çalışacağıq bunu həyata keçirək.
 
– UEFA prezidenti Aleksander Çeferin qeyd etdi ki, Çempionlar Liqası və ya Avropa Liqasının finalına ev sahibliyi etmək üçün sifariş vermək lazımdı. Sizin belə bir fikriniz varmı?
– Biz AÇ-2020-yə sifariş vermişdik və peşəkar səviyyədə hazırlamışdıq. Bu gün UEFA rəsmiləri və onun prezidenti də qeyd etdi ki, Bakının sifarişi Londondan sonra ikinci yerdədi. 48 xal London, 47 xal Bakı yığmışdı. Verdiyimiz sifarişin keyfiyyətinə görə 13 şəhər arasında ikinciyik. Bilirsiniz, hər şeyi eyni ölkəyə vermirlər. Amma çalışacağıq o vaxta qədər də nəsə edək. Bu il 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında Bakıda Avropa çempionatı keçirildi. Buna qədər 17 yaşadək qadın futbolçuların dünya çempionatına ev sahibliyi etmişdik. 5-6 il ərzində artıq iki böyük turniri qəbul etmişik. Xüsusən də, AÇ-2020-nin ev sahiblərindən biri kimi qəbul edilməyimizi qeyd edərdim. Şikayət etmək düzgün olmaz. Çalışacağıq bu arada başqa bir neçə tədbirin də ölkəmizdə keçirilməsinə nail olaq. Əsas sifarişi vermək deyil, UEFA-nın onu qəbul etməsidi. Elə təklif verməliyik ki, bunu qəbul etsinlər.
 
– AÇ-2020-nin yüksək təşkilatçılığı üçün AFFA qarşısına hansı hədəfləri qoyub?
– AÇ-2020-nin təşkilati məsələləri ilə bağlı ölkə prezidentinin sərəncamı oldu və dövlət komissiyası yaradıldı. Bu komissiyanın sədri baş nazirin birinci mavini oldu. Bu da onu göstərir ki, Azərbaycan dövləti bu yarışa yüksək qiymət verir. Təşkilati məsələlər dövlət səviyyəsində həyata keçiriləcək. Azərbaycanın böyük yarışları qəbul etmək üçün kifayət qədər təcrübəsi var. “Eurovision”, Avropa Oyunları və Şahmat Olimpiadası buna nümunədi. Apasport

Shares: