Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan UEFA prezidenti Aleksander Çeferinlə görüşüb. Futbolinfo.az xəbər verir ki, Rövnəq Abdullayev UEFA prezidenti seçilməsi münasibətilə A.Çeferini bir daha təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı AFFA və UEFA arasında mövcud əməkdaşlığın müvəffəqiyyətlə davam etdirildiyi qeyd edilib, gələcək planlar müzakirə olunub. AFFA prezidenti bildirib ki, UEFA ilə AFFA əməkdaşlarının birgə əməyi sayəsində son 6 ayda ölkəmizdə futbolun inkişafı ilə bağlı yeni proqram layihəsi hazırlanıb və dünən UEFA və AFFA nümayəndələrinin iştirakı ilə proqram layihəsi geniş müzakirə olunub. “GROW 2020” adlanan proqramda 5 illik inkişaf strategiyası nəzərdə tutulub. Rövnəq Abdullayev AFFA-nın UEFA ilə birgə yeni inkişaf strategiyası hazırlayan ilk milli assosiasiyalardan biri olmasının sevindirici hal olduğunu deyib.
AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun, baş katib Elxan Məmmədovun, UEFA-nın baş katibi Teodor Teodoridisin və UEFA-nın əməkdaşı Zoran Lakoviçin iştirak etdiyi görüşün sonunda xatirə şəkli çəkdirilib.