Azərbaycan Premyer Liqasının 7-ci turunda evdə “Zirə”ylə heç-heçə edən (1:1) “İnter”in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, gürcü mütəxəssis oyunla bağlı bunları deyib:
– Birinci hissədə oyuna biz nəzarət edirdik. Ancaq ikinci hissədə işlərimiz bir qədər yaxşı getmədi. Rəqib təzyiqi gücləndirdi. Futbolçularımızın bəzisi sıradan çıxdı. Bunun da nəticəsində qol buraxdıq. Bir xal qazandıq. Gələcək oyunlara köklənəcəyik. Ümid edirəm ki, zədəlilər tezliklə sıraya qayıdacaqlar.
– Adi oyun olsa da, oyunçular bir qədər aqressiv görünürdülər. Sanki çempionluq oyununa çıxmışdılar. Buna səbəb nədi?
– Düz deyirsiz. Onlar belə davranmalı deyildilər. Bu, futboldu. Məncə, şişirdiləsi heç nə yox idi. Yəqin ki, qolun son dəqiqələrdə buraxılması onlara təsir etdi. Ancaq futbol gözlənilməzlikləri ilə gözəldi. Bu oyuna İlkin Qırtımov zədəylə çıxmışdı. Zədələrin olmasına baxmayaraq, müdafiədə oturmaq istəmirdik.