Azərbaycan Premyer Liqasında 7-ci tur davam edir. Futbolinfo.az xəbər verir ki, bu gün birinci dövrənin sonuncu turu çərçivəsində 2 oyun keçiriləcək.
Yeni mövsümün autsayderləri AZAL və “Neftçi”nin iştirakı ilə reallaşacaq matçlardan biri Sumqayıtda, digəri isə paytaxtda baş tutacaq. Bu duelləri austayderlərin “qara zolaq”dan qurtulmaq savaşı kimi də xarakterizə etmək olar.
Topaz Premyer Liqası
7-ci tur
1 oktyabr
17:00. “Sumqayıt” – AZAL
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, Vaqif Musayev, Azər Əsgərov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Kərim Ağayev.
“Kapital Bank Arena” (1350 yerlik).
“Sumqayıt”da üzlər gülür. Samir Abasovun rəhbərlik etdiyi kollektiv ötən tur səfərdə “Neftçi”ni məğlub edərək (2:1), üzərindəki təzyiqdən yaxa qurtara bilib. DÇ-2018-in seçmə mərhələsinin oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində əldə olunacaq daha bir qələbə isə lap yerinə düşəcək. Rəqibin AZAL olması isə meydan sahiblərinin şansını daha da artırır.
"Sumqayıt" ona görə favoritdir ki, “təyyarəçilər” özlərinə gələnə oxşamırlar. Tərlan Əhmədovun baş məşqçisi olduğu komanda rəqibləridən daha çox – 17 qol buraxıb, üstəlik, hamıdan az fərqləniblər – cəmi 2 qol. Keçirdiyi 6 oyundan 5-də uduzan AZAL yalnız səfərdə “Kəpəz”lə heç-heçə etməyi bacarıb.
STATİSTİKA: 20 oyun, +4, =8, -8, top fərqi 20:27
ÖTƏN MÖVSÜM…
26.09.2015 Sumqayıt – AZAL 1:1
28.11.2015 AZAL – Sumqayıt 2:0
20.02.2016 Sumqayıt – AZAL 2:0
17.04.2016 AZAL – Sumqayıt 1:0
OYUNDAN NOTLAR
• Komandaların heç birinin heyətində cəzalı futbolçu yoxdu.
• “Sumqayıt”da Mirkamil Rəhimov hələ də zədəlidi.
• AZAL-da isə zədəlilərin sayı 3 nəfərdir: Taqim Novruzov, Kamal Mirzəyev və Aqil Məmmədov.
REFERİ
İnqilab Məmmədov əsasən Birinci Divizion oyunlarına təyinat alan referilərdəndir. Təsadüfi deyil ki, AFFA Hakimlər Komitəsi cari çempionatda ona cəmi 1 Premyer Liqa görüşü həvalə edib. Həmin matç isə AZAL-ın iştirakı ilə olub. Belə ki, “Qəbələ” – AZAL duelində fit çalan Məmmədov “təyyarəçilər”in 0:3 hesablı məğlubiyyətinə şahidlik edib.
19:00. “Neftçi” – “Kəpəz”
Hakimlər: ÖMƏR PAŞAYEV, Namiq Hüseynov, Mehman Mahmudov, Nahid Əliyev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
“Əlincə Arena” (13000 yerlik).
“Neftçi” ilk turda AZAL-ı məğlub etdikdən (2:0) sonra qələbə üzünə həsrət qalmaqla kifayətlənməyib, ümumiyyətlə, xal qazana bilmir. Paytaxt klubu ardıcıl 6 oyundur uduzur. “Kəpəz” isə əksinə, açılış həftəsində “Qəbələ”yə 2 cavabsız qolla məğlub olandan bəri yenilmir – 1 qələbə, 4 heç-heçə.
Elxan Abdullayevin baş məşqçi postundan Vəli Qasımovu əvəzləməsi də “Neftçi”nin yarasına məlhəm olmayıb. “Ağ-qaralar” yeni çalışdırıcı ilə çıxdıqları 2 matçda hesabı açsalar da, 1:2 hesabı ilə uduzublar.
Statistika bizə “Kəpəz”in son 11 oyunda yalnız 1 dəfə qələbə qazandığını xatırladır. Lakin son 5 matçda meydan sahibi olan komandanın qalib gələ bilmədiyini də diqqətinizə çatdıraq.
STATİSTİKA: 43 oyun, +20, =7, -16, top fərqi 67:41
ÖTƏN MÖVSÜM…
09.08.2015 Neftçi – Kəpəz 0:0
20.12.2015 Kəpəz – Neftçi 1:1
19.03.2016 Neftçi – Kəpəz 2:3
11.05.2016 Kəpəz – Neftçi 1:2
OYUNDAN NOTLAR
• "Kəpəz"də Serjinyo sarı vərəqə limitini doldurduğuna görə matçı buraxacaq.
• “Neftçi”də Murad Ağayevlə Elşən Abdullayev zədəlidi.
• “Kəpəz”də isə Şəhriyar Əliyev eyni səbəbdən meydana çıxa bilməyəcək.
REFERİ
Ömər Paşayevi daha çox əlini tez-tez cibinə adan referi kimi xarakterizə etmək olar. Yanlış anlamayın, pul yox, vərəqə paylayır. Məsələn, son olaraq “İnter” Paşayevin səxavətindən “xeyir görüb”. “Kəpəz”lə 2:2 hesabı ilə yekunlaşan matçda “bankirlər”in 8 futbolçusunu “sarı” ilə cəzalandıran Ömər bəy, gəncəlilərin lehinə penalti qərarı da çıxarıb. “Neftçi” – “Kəpəz” dueli onun cari mövsümdə idarə edəcəyi 2-ci oyun olacaq.
FƏRİD