“Meydana girər-girməz qol vurmaq möhtəşəm hissdi. Əvəzetmə zamanı komandamın çətin vəziyyətdə olduğunu da yaxşı dərk edirdim”. Futbolinfo.az xəbər verir ki, bunu Almaniyanın “Maynts” klubunun hücumçusu Con Kordoba deyib.
 
Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ”ni məğlub edən Almaniya təmsilçisi ilk qalibiyyətini əldə edib. Bunda Kordobanın rolu danılmazdı. Çünki 67-ci dəqiqədə meydana daxil olan futbolçu 1 dəqiqə sonra komandasının bərabərlik qoluna imza atıb.
 
Almaniya mətbuatına açıqlama verən Kordoba nəticəni belə şərh edib: “Ağır oyun oldu. Əsas odu ki, 3 xal qazandıq. Son 20 gün ərzində çoxlu oyunlar keçirdik və belə görüşlərdən sonra qələbə qazanmaq asan deyildi. Ötən turda “Sent-Etyen”lə matçdan nəticə çıxardıq. Məhz həmin görüşün nəticəsi “Qəbələ” ilə oyuna daha ciddi yanaşmağımıza səbəb oldu. Bunun da xeyrini gördük. Qrupda çox güclü rəqabət gedir. Buna görə də, bacardığımız qədər çox xal toplamalıyıq. Qələbəni azarkeşlərimizə həsr edirəm. Onlara minnətdaram. “Qəbələ” üzərində qələbədə azarkeşlərimizin də böyük rolu oldu”.
 
Qeyd edək ki, “Qəbələ” – “Maynts” matçında qonaqların 3:2 hesablı qələbəsi qeydə alınıb.
Shares: