"İnter"i öz silahı ilə vurdular. Bu mövsüm bir neçə oyunda son dəqiqə qolları ilə önəmli xallar qazanan "bankirlər" dünən "Zirə"ni eyni üsulla sevindirdi.

İlk "üçlük"də möhkəmlənib, zirvəyə iddia edən Zaur Svanadzenin yetirmələri birinci dövrənin qalibi olmaq şansı da qazanmışdı. Sabah əsas rəqibləri olan "Qəbələ"ylə "Qarabağ"ın ən azı birinin xal itirmək ehtimalı olduğundan qələbə minimum ikinci pillədə qərarlaşmaq şansı verəcəkdi. Belədə millilərin oyunlarına görə yaranan fasiləyə komanda daha yaxşı əhval-ruhiyyədə yollanacaqdı.

Əslində hər şey "İnter" üçün yaxşı başlamışdı. İlk yarıda oyuna diqtə edən meydan sahibləri hesabı da açdı. Bakı klubuna gəldikdən sonra oyununda irəliləyiş olan Aağabala Ramazanov İlkin Qırtımovun cinah ötürməsini əla tamamladı. Bu epizodda "Zirə"nin müdafiəçiləri boyca hamıdan balaca olan Ağabalanın başla zərbə endirməsinə əngəl ola bilmədi – 1:0.

Bu mövsüm özünə bənzəməyən "Zirə" lideri Elvin Məmmədovun yoxluğuna baxmayaraq, fasilədən sonra toparlandı. Orta sahədə edilən pressinqin ardınca hücum cəhdlərinin artması gec-tez qol vuracaqlarına işarə idi. Məhz belə oyun üslubu "İnter"in dayaq yarımmüdafiəçilərinin yüksək səviyyədə olmadığını üzə çıxardı.

"Zirə" bərabərlik qolunu çox tez vurmalıydı. Amma Fariz Yusifov epizodların birində Təmkin Xəlilzadəyə qarşı kobudluğu penalti kimi dəyərləndirmədi. Halbuki İlkin Qırtımovun cərimə meydançası daxilindəki hərəkətinin cəzası məhz cərimə zərbəsi olmalıydı.

Haqq-ədalət oyunun sonlarında yerini tapdı. Hamının matçın final fitini gözlədiyi zamanda Viktor İqbekoyi "doqquzluğ"u dəqiq nişan aldı. Lakin bu qolda nigeriyalının ustalığından çox rəqibin səhvi rol oynadı. Futbolçular topu cərimə meydançasından uzaqlaşdıra bilmədilər, bu baxımdan əsas günah isə Samir Zərgərovun boynuna biçildi. Cinah yarımmüdafiəçisi rəqibi ehtiyac olmadığı halda aldatmağa cəhd etdi və itirdiyi top İqbekoyiyə məhsuldar ötürmə oldu.

Lakin nəticəni yalnız Samirin boynuna yükləmək də olmaz. Bəli, o, həlledici səhvə yol verdi. Bununa belə, qələbənin əldən verilməsində "Zirə"nin istəkli oyunu, ruhdan düşməməsi, üstəlik, Svanadzenin səhvləri rol oynadı. Gürcü mütəxəssis qələbəyə vaxtından əvvəl inandı və müdafiə taktikasını erkən seçdi. Rauf Əliyevin daha sürətli Pərdis Fərcad-Azadla əvəzlənməsi hardasa doğru idi, amma "Zirə"nin hücum edib müdafiəni boş qoyduğu anlarda əks-hücumda effekt verəcək Ramazanovu oyundan almaq səhv idi. O, oyundan alındısa da, eynitipli oyunçu ilə yox, yarımmüdafiənin mərkəzini gücləndirə biləcək Mirhüseyn Seyidov və ya başqa biri ilə dəyişdirilməli idi.

"İnter" lider olmaq şansını əldən verdi. Hələ məğlubiyyət acısı dadmayan komandanın bürünc medal uğrunda əsas rəqibləri olan "Kəpəz" və "Zirə" ilə ev oyunlarında xallar itirməsi yaxşı hal deyil. Bununla belə, "İnter" doğru yoldadı. Yerli futbolçulardan mobil komanda quran Svanadze zədəli olan bəzi oyunçuların heyətə qayıtmasından sonra rəqiblərinə daha ciddi problemlər yaradacaq.

FƏRİD

Shares: