Dünən baş tutan "İnter" – "Zirə" oyununa alman azarkeşlər rəng qatdı. Avropa Liqasının "Qəbələ" – "Maynts" matçını izləmək üçün Bakıya gələn əcnəbilər paytaxtımızda daha bir neçə gün qalmağa qərar veriblər. Onlar səyahəti "İnter Arena"da davam etdirdilər.
100 nəfərə yaxın olan dəstə bizimkilərə həm də azarkeşlik dərsi keçdilər. Almanlar azarkeşlə tamaşaçı fərqini göstərib tribunada əsl şou göstərdilər. Onlar yerli fanatlarla çox mədəni şəkildə yarışa da girdilər. Həm daha mütəşəkkil, həm də daha çılğın olduqlarından qonaqların "qalib gəldiyini" deyə bilərik.
Almanlar təkcə stadionda deyil, Bakı küçələrində də dəstələrlə dolaşıb həyatlarını yaşayır, əylənirlər. Artıq sosial şəbəkələrdə bununla bağlı bir neçə video yayılıb. Bəlkə də maddi imkansızlıqdan bizim azarkeşlərin eyni şeyləri etmək imkanı, deyək ki, "Qarabağ"la Florensiyaya, "Qəbələ" ilə Brüsselə getmək imkanı yoxdu. Ancaq bu təcrübədən faydalanmaq mümkündü.
Məsələn, almanlar "İnter Arena" qarşısına toplaşıb oyuna bilet axtarırdı. Onlar girişin pulsuz olduğunu biləndə buna bir xeyli təəccübləndilər. Görüşə yalnız fan-klubların və jurnalistlərin gəldiyini nəzərə alsaq, 1 manatlıq bilet satışı təşkil etmək müəyyən qədər qazanmaq olardı. Ancaq almanlar hər gün olmur, ona görə də klubun satılmayacaq bileti çap etdirməməsi başadüşüləndi.
Futbol biznesdi, ondan qazanmaq mümkündü. Avropada daha da irəliləməklə daha güclü azarkeş dəstəyi olan klubları ölkəmizə gətirmək, ölkəyə turist axınına da töhfə vermək olar. Bu matç Qəbələdə keçirilsəydi, bölgələrin reklamı üçün də faydalı olardı. Alman azarkeşlərin içdiyi pivələrdən gələn qazanc öz yerində, ümumilikdə 2 təyyarəylə gəlmiş "Maynts" fanatlarndan ölkə turizmi adına faydalanmaq olardı.
Lakin çox təəssüf ki, həmişə belə olmur. Həm əcnəbi azarkeşlərə, həm onların futbolunun səviyyəsinə çatmaq üçün çox işləməliyik. Bir güllə bahar olmaz. "Sent Etyenn", "Fiorentina", "Anderlext" fanatları da gələcək, lakin biz istəsək də onlardan heç nə qazana bilməyəcəyik. Futbolumuz, ölkəmiz hələ buna hazır deyil. Mövsümi, təsadüfi olaylarla plan qurmaq olmaz. Sadəcə, nümunə idi, biganə qala bilmədik.
FƏRİD