Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində AZAL-ı qəbul edən "Sumqayıt" rəqibi ilə 1:1 hesablı heç-heçəyə razılaşıb. Futbolinfo.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Samir Abasov oyunu belə şərh edib:
– Oyunu iki hissəyə bölsək, qazandığımız 1 xal qənimətdi. İlk hissədə çox pis oynadıq. Nədəndirsə, artıq neçənci oyundu ki, ilk dəqiqələrdən qol buraxırıq. Yaxşı olan odu ki, sonradan toparlana bilirik. Yavaş-yavaş irəliləyirik. Sürünə-sürünə, çabalaya-çabalaya olsa da.
– "Neftçi" ilə oyundakı qalib heyəti niyə dəyişdiniz?
– Kim necə edir bilmirəm, mən dəyişirəm. Narazı olduğum oyunçunu dəyişirəm. Biz optimal heyət axtarışındayıq.
– Mirabdulla Abbasovu niyə ehtiyatda saxlamışdınız?
– Düşündüm ki, Amil Yunanov bu oyunda daha effekti olar.
– "Neftçi" ilə oyunda yaxşı oynadız. Bu gün niyə alınmadı?
– Çox maraqlı sindrom var – biz öz gücümüzə uyğun rəqiblərlə çətinlik çəkirik. Ötən mövsüm də belə olub, indi də elədi.