Avropada fəaliyyət göstərən “Milli Dəstə” fanklubunun həmtəsisçisi, “Kəpəz”in azarkeşi Şamil Mustafayevin klub saytına müsahibəsi.
– Şamil, “Milli Dəstə”ni artıq Avropa arenalarında daha tez-tez görürük. İşləriniz necə gedir?
– Bizi artıq Avropada yavaş-yavaş tanımağa başlayıblar. Odur ki, işlərimiz yaxşıdı, həmyerlilərimiz bizim azarkeşlik bacarığımıza inanır və bizimlə birgə komandalarımıza dəstək olmağa gəlirlər. Klublarımızla münasibətlərimiz də normaldır, fanklubumuza dəyər verirlər, bilet ayırırlar. Əsas olan say çoxluğu yaratmaqdır. Bu da zamanla yoluna qoyulacaq. Səfirliklər, diasporalar və cəmiyyətlərlə daha çox işləməyə çalışırıq ki, onlar da bu yolda bizə dəstək versinlər. Onları oyunlara dəvət edirik və sağ olsunlar köməklik göstərməyə çalışırlar. Düzünü deyim ki, azarkeş yığmaqda əvvəlki kimi çətinliyimiz yoxdur. Yəqin ki, gələcəkdə sıralarımız daha geniş olacaq. Bu yöndə də işlərimiz davam edir.
– Bu mövsüm demək olar ki, bütün klublarımıza Avropada keçirdiyi oyunlarda dəstək verməyə çalışdız. Çətin olmadı?
– Bacardıqca bütün oyunlara getməyə çalışırıq. “Kəpəz”, “Neftçi”, “Qarabağ” və “Qəbələ”nin Avropa oyunlarında klubların yanında olduq, dəstək verdik. Mərhələ yarışlarında Moldova, Avstriya, Lüksemburq, Malta, Fransa və Çexiyaya səfər etdik.
– Komandalara daxili arenadakı dəstəklə xaricdəki arasında nə kimi fərqlər var?
– Fərq böyükdür. Ev oyunlarında azarkeşlərimizin sayı çox olur ki, bu da başa düşüləndir. Səfər matçlarına isə Avropada yaşayan soydaşlarımız gəlir, say o qədər də çox olmur. Maraqlı bir məqam var ki, onu qeyd etməliyəm. Bu, oyunlara azərbaycanlıların ailə üzvləri – xanımları və övladları ilə birgə gəlməsidir. Bu da olduqca sevindiricidir. Amma bizim üçün problem onları ayaqüstə saxlamaq, aktivliyə səsləmək, bir sözlə böyük dəstəyə sövq etməkdir. Fanklub olaraq yazdığımız bəstələri, şüarları onlara öyrətməkdə müəyyən problemlər olur. Düşünürəm ki, zamanla bu çətinlik aradan qalxacaq.
– Elə fikirləşirəm ki, Avropanın mərkəzi ilə müqayisə də, ucqarlarda azarkeş tapmaq daha çətindir.
– Bəli, düz buyursunuz. Çünki həmyerlilərimizin sayı qitənin mərkəzi ölkələrində daha çoxdur. Məsələn, Maltada “Neftçi”nin oyununa barmaq sayda azərbaycanlı gəlmişdi. Amma Avropanın mərkəzi ölkələrində azarkeş toplamaq cəhətdən ciddi problem yoxdur, yaşayanların sayı çox olduğundan oyunlara maraq göstərənlər az olmur.
– “Kəpəz”in azarkeşi kimi bu il komandanın Avropada keçirdiyi oyunları izləmək sənə nəsib oldu. Hansı hissləri keçirdin?
– Siz mənə bu sualı ünvanlayanda tüklərim biz-biz oldu. Doğma komandama Avropa oyunlarında dəstək vermək çoxdankı arzum idi. İlk mərhələdə bəxtimizə Moldova klubu düşdü. Yol uzaq olsa da, Kişinyova getdim. Hardasa 30-35 nəfərlə komandamıza dəstək verdik. “Daçiya” üzərində qələbə mənim kimi minlərlə azarkeş üçün tarixi əhəmiyyətli idi. Çünki ilk dəfə Avropa yarışında komandamız mərhələ adladı. Sonra Avstriyada “Kəpəz”ə dəstək olduq. Sıralarımız geniş olmasa da, komandamızın yanında idik. Ən azından “sarı-göylər” səfərdə dəstəksiz qalmadı. Həmin hisləri yenidən, özü də dəfələrlə yaşamaq istəyirəm. Fikrimcə, klubumuz uzun illərdən sonra qitə yarışında yaxşı çıxış etdi.Bu yerdə klub rəhbərliyinə səfər oyunlarda azarkeşlərə yardımçı olduğuna görə minnətdarlığımı bildirirəm. Hətta Kişinyovda komandanın qaldığı oteldə mənə də otaq da verildi. Komanda üzvləri ilə eyni yerdə olmaq, birgə nahar etmək mənə gözəl təəssürat bağışladı.
– “Milli Dəstə”ni təkcə klub yox, milli komandalarımızın da oyunlarında görürük. Fəaliyyətiniz hərtərəflidir ki, bu da bizləri sevindirir.
– Məqsədimiz nəinki klublarımıza, yığma komandalarımıza, eləcə də digər idman növləri üzrə idmançılarımıza dəstək olmaqdır. Sadəcə, futbol daha populyar idman növüdür. Əsas milli komandamızın DÇ-nın San Marinoya qarşı keçirdiyi səfər oyununda tribunada idik. İndi Çexiyaya ilə səfər oyununa hazırlaşırıq. Şərflər sifariş etmişik. Çexlərlə görüşdə xeoqrafiya hazırlamağı nəzərdə tutmuşuq. AFFA tərəfindən bizə istər bilet, istərsə də atributlar sarıdan kömək olunur. Elə sizin vasitənizlə Avropada yaşayan həmyerlilərimizə müraciət edib onları azarkeşliyə səsləyirəm. Gəlsinlər, komandalarımıza bizimlə birgə dəstək versinlər. Onda idmançılarımız daha ürəklə yarışacaqlar.
– Şamil, futbola bağlılığın yalnız azarkeşliklə bitmir. Bildiyimizə görə, Hollandiyada təhsil aldığın universitetin komandasında oynayırsan.
– Elədir, tək azarkeşliklə iş bitmir (gülür). Bizim də ürəyimizdə futbol oynamaq eşqi var. Oxuduğum universitetin “Pusfaira” adlı komandasının qapıçısıyam. Komandamız həvəskarlar liqasının 6-cı regional divizionunda çıxış edir. Bu da ən sonuncu diviziondur. Universitetin özünün 7 komandası var. İnşallah, daha yuxarı liqaya qalxarıq.
– “PSV Eyndhoven”in təmsil etdiyi şəhərdə yaşayırsan. Sosial şəbəkələrdə bu komandanın oyunundan çəkdirdiyin şəkilləri tez-tez görürük.
– Ötən mövsümdən komandanın yerli çempionat və qitə turnirlərində keçirdiyi ev oyunlarını izləyirəm. Çempionlar Liqasının oyunları üçün stadiona abunə bileti almışam. Arenaya Azərbaycan bayrağı və “Kəpəz”in şərfi ilə gedirəm. Gəncə klubunun nə vaxtsa “PSV Eyndhoven”ə rəqib olmasını arzulayıram. Hollandiyada çıxış edən azərbaycanlı futbolçu var. “Den Boş”da çıxış edən Ziya Əzizovun oyununu izləmək və ona dəstək olmaq üçün imkan tapan kimi səfərə çıxacağam.