Cümə axşamı Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində baş tutan “Roma” (İtaliya) – “Astra” (Rumıniya) matçının referisi Əliyar Ağayev, bu gün keçirilən “Neftçi” – “Kəpəz” görüşündə əlavə köməkçi hakim idi. FİFA referisi qarşılaşmadan sonra futbolinfo.az saytının əməkdaşının da yer aldığı bir qrup jurnalistin suallarını cavablandırıb. 

– "Roma" – "Astra" matçındakı idarəçiliyinizlə bağlı nə deyə bilərsiniz?
– Hakim-inspektor bizdən razı qaldığını bildirdi. Qiymət isə 2-3 gün sonra açıqlanır. Nəticə həm federasiyaya, həm mənə gələcək.

– Sizi Çempionlar Liqasının oyunlarında görə biləcəyikmi? Ümumiyyətlə, özünüzü buna hazır sayırsınızmı?
– Bu sualı çox verirlər. Çempionlar Liqasının oyununu idarə etmək üçün 1-ci kateqoriya olmalıyam. Məqsəd oraya yüksəlməkdir. Oyun versələr, çalışaram özümü doğruldam.

– Sizin üçün hakimliyin pik nöqtəsi hansı oyunu idarə etməkdir?
– Hər bir hakimin, hər bir oyunçunun arzusu dünya və Avropa çempionatının final oyununu idarə etməkdir. Bunu hər kəs istəyər.

– Özünüzə kumir seçdiyiniz referi var?
– Xeyr, amma hər hakimdən özümüzə nəsə götürməyə çalışırıq.

– Sosial şəbəkələrdə sizin “Roma”nın əfsanəvi kapitanı Françesko Tottiyə sarı vərəqə göstərməyinizlə bağlı zarafatlar edirlər…
– (gülür) Oyundu da, olur belə şeylər. 

– Avropa Liqasının qrup mərhələsindən sonra milli çempionatda əlavə köməkçi hakim olmaq necə bir hissdir?
– Özüm referi kimi meydana çıxmaq istəmədim. Xaqani müəllimə (AFFA hakimlər komitəsinin sədri Xaqani Məmmədovu nəzərdə tutur – red.) dedim ki, yorğunluq var.

ELMAR ABDULLA-ZADƏ

Shares: