Futbolinfo.az sizi “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun müsahibəsi ilə tanış edir:
– “Sent-Etyen”lə oyuna hazırsız?
– Oyuna adi qaydada hazırlaşırıq. Bəzi zədəli futbolçularımız var. Bu, bir az işimizi çətinləşdirir. Həmin oyunçuların yerinə başqaları oynayacaq və bu, o futbolçular üçün şans olacaq. Özlərini yaxşı tərəfdən göstərə bilərlər.
– Komandada zədələr olsa da, ab-havanın çox yaxşı olduğu görünür…
– Niyə zədəlilərə görə ab-hava korlanmalıdır? Hər meydana çıxan futbolçu üzərində işləməlidir. Onlar özlərini yaxşı göstərmək üçün məşqlərdə artırmalıdırlar. Hamı işinə peşəkar yanaşmalıdır. Bu, vacib məsələdir.
– “Sent-Etyen”i necə udmaq olar?
– Rəqibin oyunlarına baxmışam. Bu gün və sabah onları futbolçularımla tanış edəcəm. Zəif və çatışmayan cəhətlərini oyunçularıma deyəcəm ki, hazır olsunlar. Amma biz futbol baxışlarımızdan kənara çıxmayacağıq. Siz görməyəcəksiniz ki, biz öz cərimə meydançamızda dayanıb oradan kənara çıxmırıq. Öz futbolumuzu oynayacağıq. Baxmayaraq ki, bu, yaxşı nəticə üçün bizə qarantiya vermir. Hücuma atılacağıq, əks-hücumlara bel bağlamayacağıq.
– Geriyə baxanda “kaş qrup mərhələsi başlayandan zədəli futbolçularımız olmazdı” deyirsiz?
– Təxmini nəsə düşünmək olmur. Biz bilmirik ki, onlar oynasaydı, nəticələr necə olacaqdı. Ümumi götürsək, həmin futbolçular olsaydı, fərqli olardı. Çünki onların əksəriyyəti mərkəz oyunçularıdır, dayaq yarımmüdafiəçiləridir. Hansı ki, bu futbolçular oyunumuzun qurulmasında böyük rola sahibdir. Əlbəttə ki, onların oynamaması narahatlıq yaradır. Ola bilər ki, “Sent-Etyen”ə qarşı fərqli versiya görə bilərsiz. Zədəlilərin olması bizi yeni variantlar fikirləşməyə məcbur edir. Müxtəlif cəbhələrdə oynayan komandaların heyəti tam komplektləşməlidir. Amma bizdə belə deyil.
– Bizə ilk “11-liy”i açıqlaya bilərsiz? Millimizin baş məşqçisi Robert Prosineçki bizi belə öyrəşdirib…
– Bu, Prosineçkinin işidir. Mənim isə öz yanaşmam var. Heyəti oyun günü səhər müəyyənləşdirəcəm.
– Səfərə iki gün öncə yollanırsız. Amma həmişə bir gün qabaq gedirdiniz. Bunun hər hansı xüsusi səbəbi var?
– Yox, xüsusi bir səbəb yoxdur. Sadəcə, Fransa buradan çox uzaqdır. Yorğunluq olmasın deyə, iki gün öncə gedirik.
– Avropa Liqasının 3-cü təsnifat mərhələsində digər Fransa klubu “Lill”i devirdiyinizə görə fransızlar “Qəbələ”dən çəkinməlidir?
– Fransızların bizdən qorxması və çəkinməsi kimi sözlər xoş olardı. Düşünürəm ki, biz Azərbaycan və Fransa çempionatını müqayisə edə bilmərik. Həmçinin Almaniya və Belçika liqaları çox güclüdür. Onların səviyyəsinə çatmağımıza çox var.
– Cavid Hüseynovun qayıtması komandaya nə qədər müsbət təsir edib? Sabiq kapitanın geri dönməsi “Sent-Etyen”lə oyundakı motivasiyanıza kömək edəcək?
– Cavidin qayıtması çox sevindirici haldır. Onun bizimlə olması da əladır. Çünki Cavid Azərbaycanda ən yaxşı futbolçulardan biridir. Düşünürəm ki, o, əvvəlki formasını yığsa, “Qəbələ” çox güclü olacaq. Necə ki, biz Cavidi itirərkən onun yoxluğunu çox hiss etmişdik.
– Onun fiziki forması ümidli gələcək vəd edirmi?
– Bu barədə nəsə deyə bilmərəm. Çünki hazırda o, heyətdə deyil. Məşqlərə qatılandan sonra onun fiziki forması haqqında danışmaq mümkündür. Emosional vəziyyətə gəlincə, onun anadangəlmə olan istedadı imkan yaradacaq ki, Cavid tezliklə heyətə qoşulsun. (Qafqazinfo)