Elxan Məmmədovun etirafı çox maraqlı idi. Əslində, bunu mətbuat bilir, yazırdı. Sadəcə, AFFA-nın baş katibi efirdə təsdiqlədi ki, Emin Mahmudovla Kamran Ağayevin Portuqaliyada oynaması birbaşa AFFA-nın təşəbbüsüdü.
Biz isə buna “təşəbbüs” yox, “AFFA-nın xidməti” deyək. Çünki hansısa futbolçumuzun Portuqaliya Superliqasında mübarizə aparan klubda oynaması xəyal kimi bir şey idi. Faktiki, SSRİ futbol məktəbinin yetirməsi olan Vəli Qasımovdan sonra heç kim bu şərəfə nail olmamışdı. İndi isə birdən-birə 2 oyunçumuzun “Boavişta”ya düşməsini yalnız xidmət saya bilərik.
Təbii ki, AFFA-nın bu addımı daha çox milli komanda prizmasından faydalıdı. “Sumqayıt”da oynayan Kamran Ağayevlə Portuqaliya klubunda çıxış edən qolkiper arasında ciddi fərq var. Bunu həm Norveç, həm də Çexiya milliləri ilə görüşlərdə gördük. Beynəlxalq futbol təcrübəsi birmənalı olaraq, milli komandanın çıxışına təsir göstərir.
Son iki oyunda yığmanın ən yaxşıları kim idi? Rusiyada yetişib, Türkiyədə oynayan Ramil Şeydayev, neçə illərdi Almaniyada məskən salan Dmitri Nazarov, Portuqaliyada ikinci gəncliyini yaşayan Kamran Ağayev… Digərlərinin əməyini kiçiltmək istəmirəm, lakin bütün dünyada belədi: milli komandalar əsasən legionerlərin çiynində irəliləyir. Və bu gün xaricdə oynayan 3 futbolçumuz AÇ-2020-yə düşmək üçün oynayacaq komandanın özəyinə çevrilir. Zamanla Emin Mahmudov da “Boavişta”da özünü sübut edərək bu siyahıya qoşulacaq.
Son 2 oyunda 4 xalı gətirən qolu vuran, eyni zamanda qapımızı alınmaz qalaya çevirən oyunçulardan biri də Maksim Medvedev idi. Onunla yanaşı oynayanların, yəni müdafiə xəttinin tamamını “Qəbələ” və “Qarabağ”ın üzvləri təşkil edirdi. Bir-iki istisna ilə yarımmüdafiə və hücum xəttində də məhz ölkəmizi avrokuboklarda uğurla təmsil edən klublarımızın nümayəndələri toplaşmışdı. Yenə də həlledici məqamdı – hamı beynəlxalq arenada bişmiş futbolçulardı və onlar millinin 3 oyuna 7 xal toplamasında birbaşa iştirakçıdı.
Bir az qəribə əlavə kimi olsa da, qeyd etməliyəm: Eddi İsrafilov millinin heyətində ən zəiflərdən biri idi. İspaniya sequndasında mübarizə aparan milliləşdirilmiş futbolçu oyun praktikasının azlığı, eləcə də komanda yoldaşlarına qaynayıb-qarışmamasının nəticəsində ansambla uyğunlaşa bilmir. Lakin onun Norveçlə oyundakı bir hərəkəti unudulmamalıdı. Məhz Eddi rəqib müdafiəçini özü ilə aparıb, Maksimə boş zona açdı və qolun vurulmasında əsas iştirakçılardan oldu. Fiziki hazırlığı, texniki bacarığı yerində olmaya bilər, taktiki savadı isə millimizin işinə yaradı. Biz yenə də ölkə xaricində oynayan birindən danışırıq…
Qarşıdan Şimali İrlandiya ilə vacib oyun gəlir. Bu matçda qələbə, ən pis halda uduzmamaq vacibdi. Belədə dünya çempionatının pley-offuna vəsiqə ilə bağlı ümidlərimiz bir az da artacaq. Lakin hətta yenilgi də millini ruhdan salmamalı, strategiyanı dəyişməyə səbəb olmamalıdı. Millinin 2017-ci ildəki matçlarda uğur qazanması üçün indidən işlər görmək lazımdı. Əsas hədəf AVRO-2020-disə, yenə eyni xəttə sadiq qalmaq vacibdi. Bütün hallarda isə uğura aparan yol aparıcı futbolçularımızın, xüsusilə də gənclərin ölkə xaricinə çıxarılmasından keçir. Qara Qarayev, Bədavi Hüseynov, Ruslan Qurbanov, Namiq Ələsgərov, Ağabala Ramazanov və başqaları mütləq şəkildə “sürgün edilməlidi”. AFFA əlaqələrini işə salıb bu oyunçuların gedişinə şərait yaratmalıdı. Onların səviyyəsi göz önündədi, lakin elə kluba göndərilməlidilər ki, daim oynasınlar, millinin gücünə güc qatmaq üçün səviyyələrini artırsınlar.
Məhz bundan sonra qarşıdakı dünya çempionatının pley-offuna, eləcə də AVRO-2020-nin final mərhələsinə yüksəlmək üçün əsl mübarizə aparacaq komanda görə bilərik. Niyə də yox?
FƏRİD