Dünən Bakı tropik ölkələri xatırladırdı. Yolların bərbad olması əhalinin əksər hissəsini evdən çölə ayaq basmamağa sövq edirdi. Belə havada futbol oynamaqsa, ancaq bu idman növünün dəlilərinin ağlına gələ bilərdi.
MFL çempionatının iştirakçıları nə soyuğa baxdı, nə də yağmura. Məşhur filmdə olduğu kimi: “Görüş yerini dəyişmək olmaz”. Bakı Olimpiya Stadionunun süni örtüklü meydançası 2-ci turun iştirakçılarını qəbul etdi.
“A” Konferensiyasının güclü komandalarından sayılan “Qaradağ Lökbatan” və “Qaradağ Milan” komandaları havanın şıltaqlığına məhəl qoymadılar – “futbol istənilən havada oynanılacaq” deyib, “silahlandılar”. Bu mücadilni izləmək isə həqiqətən zövq verdi.
MFL Kubokunun ilk qaliblərinin nisbətən gənc heyətdən formalaşması yüksək temp təkliflərini şərtləndirmişdi. “Lökbatan derbisi”nin digər üzvləri isə sürətdə geri qalmaqlarını təcrübə hesabına kompensasiya etməyə cəhd göstərirdilər. “Milan” təmsilçisinin texniki baxımdan da hazırlıqlı olması, əks-hücumlarını kəsərli edirdi. İlk yarının ¾ hissəsi geridə qalanadək meydanda amansız mübarizə getdi. Lakin hiss olunurdu ki, “qırmızı-qaralar” tükənir. Elə bu səbəbdən idi ki, onlar 1 dəqiqəlik fasilə də götürdülər. Səbəb müəyyən qədər yorğunluqlarını almaq, rəqibin güclü təzyiqini səngitmək idi.
Ancaq bu da “italyanlar”a kömək etmədi. Hissənin sonlarına yaxın “Qaradağ Lökbatan” arzuladığı ilk qolu vurdu. Vəssəlam, bundan sonra qollar özləri bu dəqiqəyədək inamla müdafiə olunan “milanlılar”ın qapısına göydən tökülən leysan kimi axmağa başladı. İlk yarıda rəqib qapısından 3 cavabsız top keçirən MFL Kubokunun ilk qalibi fasilədən sonra da eyni sayda qola sevindi.
Maraqlı mübarizə şəraitində keçən qarşılaşmanın daha bir özəlliyi məğlub olan komandanın centlmencə davranması oldu. Nə rəqibə qarşı hansısa kobudluq izlədik, nə də hakimdən gileylənmə. Başqa sözlə, həvəskar komandadan əsl peşəkarlıq nümunəsinin şahidi olduq.
“Qaradağ Lökbatan” isə bu qələbəsi ilə Konferensiyadakı rəqiblərinə meydan oxudu: ardıcıl 2-ci oyunda da qələbə!
“A” Konferensiyasında baş tutan digər görüşlərin nəticələri:
“Vur Komandir” – “Universal” 1:4
“Olimpikstar” – AFFA 8:1
“Underdog” – “Cinema Plus” 7:1
VİP FK – FK “Favorit” 4:1
CEYHUN ƏLİYEV