Azərbaycan çempionatının Birinci Divizionunda çıxış edən “Rəvan”ın başı problemlərdən açılmır. Həftə 8, mən 9 futbolçuların maaşlarını ala bilmədiyinə görə məşqi boykot etməsi xəbərləri yayılır. Elə bu gün də ənənəvi xəbərlə yadda qaldı. Bu azmış kimi, icarə haqqını vermədiyi üçün komandanın ev oyunlarını keçirdiyi “Bayıl Arena”dan da uzaqlaşdırıldığı deyilir. Məsələni dəqiqləşdirmək üçün bakılıların baş məşqçisi Bəhmən Həsənovun fikirlərini öyrəndik:

– Bilirisiniz ki, oyunlarımızı “Bayıl Arena”da keçiririk. Həftə ərzində məşqlərimizin də 1-2-ni məhz bu stadionda keçirik. Qalan vaxtalrda “Rəvan”ın bazasında çalışmalarımızı davam etdiririk. Bizi oradan heç kim çıxarmayıb, sadəcə, özümüz getməmişik. 

– “Rəvan” növbəti ev oyununu hansı stadionda keçirəcək?
– Oktyabrın 28-də “Göyəzən”i “Bayıl Arena”da qəbul edəcəyik. 

– Komanda sonuncu dəfə Bayılda nə vaxt məşq edib?
– Orada sonuncu dəfə ayın 8-də məşq etmişik. Daha sonra ancaq Qaraçuxurdakı bazamızda məşq edirik.

– Amma oradakı meydança standartlara uyğun deyil…
– Bəli, uyğun deyil. Ona görə də həftədə 2 dəfə başqa yerdə hazırlaşırıq. Ölçüləri 80×55 olan meydançada 26 futbolçu ilə məşq etmək də çətindi. Əslində məşq keçmək olur. Amma taktiki gedişləri çalışmaq çətinlik yaradır. Onda da gedib böyük meydançada işləyirik. 

– Futbolçuların maaşlarını ala bilməməsi ilə bağlı məşqə çıxmaması haqqında nə deyə bilərsiniz?
– Əgər futbolçularımız məşqə gəlirsə, hazırlıqlarımızı keçirik. Qalan problemləri isə məşqdən sonra danışırq. Oyunçu məşqə gəlməyəndə bilirəm ki, nəsə problemi var, ona da mən bəraət qazandırıram. Amma komanda şəklində məşqə çıxmamaq söhbəti olmayıb.

– Bəs olubmu ki, məşq saatında heç kim bazaya gəlməsin?
– Xeyr, belə şey olmayıb. Məşq vaxtı meydançaya ən azı 18 nəfər çıxır. 

ELMAR ABDULLA-ZADƏ

Shares: