Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” sabah öz meydanında Yunanıstan PAOK-unu qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, bu, salonikililərin təmsilçilərimizlə 3-cü matçı olacaq. 

Ötən mövsüm də “Qəbələ” ilə eyni qrupda yer alan “Şimalın ikibaşlı qartallları” ilə hər iki görüşdə qol vurulmamışdı. Ümumiyyətlə, bu matç komandalarımızın Yunanıstan təmsilçilərinə qarşı 7-ci oyunu olacaq. Maraqlıdı ki, daha öncə keçirilən görüşlərin heç birində qalibi müəyyən etmək mümkün olmayıb və bütün qarşılaşmalarda bərabərlik qeydə alınıb. İndi ağdamlılar sülhə son qoyub, qələbə qazanıb, ilkə imza atmaq niyyətindədi:

2012/13. “İnter” 1:1, 1:1 “Asteras” pen:2:4 (AL)
2015/16. “Qəbələ” 0:0, 2:2 “Panatinaikos” (AL)
2015/16. “Qəbələ” 0:0, 0:0 PAOK (AL)

PAOK avrokuboklarda 2 müxtəlif klubumuza qarşı oynayacaq 10-cu komanda olacaq. Daha öncə “Makkabi” (İsrail, Hayfa), “Slaviya” (Çexiya), “Hafnarfyordur” (İslandiya), “Spartak” (Slovakiya, Trnava), “Borussiya” (Almaniya, Dortmund), “İnter” (İtaliya), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Anderlext”(Belçika), “Partizan” (Serbiya) təmsilçilərimizə rəqib olub. Bu oyun başa çatandan bir neçə dəqiqə sonra evdə “Qəbələ”ni sınağa çəkəcək “Sent Etyen” (Fransa) isə siyahıya 11-ci kimi düşəcək. Bu mənada liderlik “Lex”ə məxsusdu. Polşalılar 3 müxtəlif komandamıza qarşı mübarizə aparıb.

Shares: