MFL çempionatında həyəcan dünən də davam etdi. Daha 8 komanda növbəti matçına çıxıb, qələbə üçün tər tökdü.

Yağış kəssə də, Bakı Olimpiya Stadionunun süni örtüklü meydançasına çıxmaq qəhrəmanlıq idi. Qılınc kimi kəsən şaxtanın önünə nazik idman formalarında çıxmaq üçün futbol xəstəsi olmaq lazımdı.Və nə yaxşı ki, belə xəstələrin sayı az deyil.

“A” Konferensiyasının 2-ci turu çərçivəsində baş tutan növbəti 4 oyundan birincisi İspaniya və Azərbaycanın ən məşhur klubları arasında baş tutdu. Daha doğrusu, "Real"ın Bakıdakı azarkeşləri bir ad altında birləşib "Neftçi" önünə çıxdı.

Adından başqa heç nə ilə Madrid klubuna oxşamayan "Real Bakı" təkcə geyimləri ilə deyil, oyunu ilə də fərqli komanda olduğunu gizlədə bilmədi. "Neftçi" forması ilə "silahlanan" eyniadlı komanda ilk hissədə rəqibinə 4 cavabsız qol vurdu, rəqibə göz amağa da imkan vermədi.

Fasilədən sonra "Real" nisbətən özünə gəldi. Rəqibin arxayınlaşmasından istifadə edən komanda təzyiqi artırıb penalti qazandı və fərqi azaltdı. Lakin bundan artığına nail olmaq mümkünsüz idi. Çünki Nefti" ayıldı və daha bir qolla yekun nəticəni müəyyənləşdirdi – 5:1.

Növbəti oyunda fərq daha böyük oldu. "Ümid" (Masallı) "Madzello United"i soyuq havada bir az da üşütdü. 8 cavabsız qol rəqibin bütün ümidlərinin üstündən xətt çəkmək demək idi.

"Şuşa" – "Muğanbank" oyununda da komandalardan yalnız biri qol vurdu. Birincilərin 5 dəqiq zərbəsi "bankirlər"i "bonkrot etdi".

"Galaxy" FK – "Azfar Group" oyununda 2:0 hesabı qeydə alındısa, "Dostluq" "Joga Bonito"nun müqavimətini matçda vurulan yeganə qolla qırdı.

2-ci tura "B" Konferensiyasının oyunları ilə yekun vurulacaq. Sabah 5 matç baş tutacaq, cümə günü isə digər qarşılaşmalar reallaşacaq. "Futbolinfo" da oktyabrın 20-də meydana çıxacaq. Komandamız "Qəbələ" futbol klubunun əməkdaşlarının toplaşdığı "Atletiko Mineyro" ilə qüvvəsini sınayacaq.

FƏRİD

Shares: