Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirləcək “Qarabağ” – PAOK matçından öncə təmsilçimizin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, o, öncə bunları söyləyib:

– Qrup mərhələsində 3-cü oyunumuzdu. Hamımız üçün bu matç çox əhəmiyyətlidi. Yaxşı nəticə əldə etmək üçün ən düzgününü etməliyik. Komandam oyuna hazırdı. Hamı ilə rəqibi ətraflı müzakirə etmişik. PAOK-un 4 xalı var. Ən yaxşı nəticə əldə etməyə çalışacağıq.

– Yunanlar son oyunun 1-də məğlub olublar. 6 səfər matçında isə yenilməyiblər…
– Futbol elə bir oyundu ki, məğlubedilməz komanda yoxdu. Hamının pik nöqtəsi olur. Bunu nəzərə almışıq. Nə qədər ciddi rəqib olsa da, qələbə bizə daha çox lazımdı. Rəqibin üstün tərəflərinin qarşısını alıb, öz oyunumuzu göstərməyə çalışacağıq. Alınacaq ya yox, bilmirəm. Bu komandaya qalib gəlmək üçün bütün vasitələrdən istifadə etmək istəyirik.

– Sabiq “Qəbələ”li Fakundo Pereyranın rəqib komandada olmasını “Qarabağ”ın əleyhinə olan amil saya bilərik?
– Ola bilər, bəzi məlumatları məşqçiyə ötürsün. Amma rəqibin baş məşqçisi “Slovan”la matçımızı izləyib. İldən-ilə yeniliklər olur. Nə qədər yeni məlumat toplanılsa, məşqçi üçün bu, daha çox faydalı olar.

– Rəşad Sadıqovun durumu nə yerdədi? Bundan başqa, matça çox az – 7 min bilet satılıb…
– Açığı, sabah Rəşadın oynayıb-oynamayacağını dəqiq bilmirəm. Təkcə dünən komanda ilə məşq edib. Amma onun oynamaq ehtimalı çoxdu. Baxmayaraq ki, sabahkı matça tam hazır deyil. Həkimlər və Rəşadın özü ilə danışılacaq. Həkimlər ağrıları aradan qaldırmaq üçün əlindən gələni etməlidlər. Sayları az olsa belə, azarkeşlərdən həmişə razı qalmışıq. Sabaha vaxt çoxdu, düşünürəm lazımi qədər adam gələcək. Çalışıb, azarkeşlərmizi geri – stadiona qaytarmalıyıq.

– Sabah hansı ev tapşırıqları olacaq?
– Bəli, olacaq. Bütün tapşırıqlardan istifadə etməyə çalışacağıq. Yunanlar xarkterli millətdi.  Ola bilsin, meydanda gözəl oyundan çox,  döyüşkən mübarizə oldu.

– Meydançanın durumundan razısnız?
– Tam hazır deyil. Ola bilər bu oyundan sonra meydançada problem olsun, amma buna baxmayaraq, qısa müddətdə aradan qaldırlacaq prolemdi. Əgər yağışlı hava olsa, mümkündü ki, nəsə olsun.

– Sabah meydanda 2 hücumçu görə bilərik?
– Bəzən hücuma çıxanda 5-6 oyunçumuz irəlidə olur. Sistemdən-sistemə fərq var. Öz oyunumuzdan kənara çıxmamağa çalışırıq. Əlavə hüumçualrı matçın gedişində meydana buraxırıq. Oyunun gedişatında biləcəyik.

– Sabah meydanda döyüşkən heyət görə biləcəyik?
– İnanmıram ki, komandamızda döyüşkən olmayan futbolçu olsun. Oyunçuda idman xarakteri olmasa, nəticə vermək çətindi. Sadəcə, millidən qayıdanlar inamlı olmalıdılar. Bu səviyyədə nə qədər oyun keçirsələr, təcrübələri o qədər artar. Həmişə döyüşkən ruhlu futbolçuları meydana buraxıram. 

– Elvin Yunuszadəni bağışlamısnız?
– Həyatda yox, amma futbolda bağışlamışam. Dünən komanda ilə məşqlərə başlayıb.

ELMAR ABDULLA-ZADƏ

Shares: