Sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"ın qonağı olacaq Yunanıstanın PAOK klubunun baş məşqşisi Vladimir İviç bu gün mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az sizi həmin açıqlamalarla tanış edir:

– “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabahkı oyunda qələbənin onlara daha vacib olduğunu deyib…
– Mənim komandam həmişə ən yaxşı nəticəni əldə etmək üçün meydana çıxır. Sabah da belə olacaq. Məqsədimiz qalib gəlməkdi.

– PAOK və “Qarabağ”ın qrupdakı şanslarını necə dəyərləndirirsiz?
– “Qarabağ”ın əvvəlki oyunlarına da baxdıqda görürük ki, bizi sabah çətin oyun gözləyir. Bu komanda sabah sonadək mübarizə aparacaq. Komandamdan sabah yaxşı oyun gözləyirəm. Qarşımızdakı komandanın gücünün fərqindəyik. Ancaq inanıram ki, futbolçularım sonadək mübarizə aparacaqlar. Sabahkı oyunda şansları 50/50-yə dəyərləndirirəm. 

– Bu həftə PAOK üçün məsuliyyətli həftədi. Qarşıda “Olimpiakos”la oyun var. Həmin oyunda köklü dəyişiklik ola bilər?
– Dəyişikliklər gözlənilir. Ancaq köklü dəyişiklik olacağını düşünmürəm. Komandada zədə olmasa, dəyişiklik olmayacaq.

– PAOK azarkeşləri komandanı “Qarabağ”a, yoxsa “Olimpiakos”a məğlubiyyətə görə bağışlamaz?
– Bütün məğlubiyyətlər azarkeşlər tərəfindən bağışlanmır.

– Doğma meydan, oturuşmuş heyət, doğma azarkeşlər – bunlara görə “Qarabağ” sabah qələbəyə ümid edir. Siz nəyə ümid edirsiz?
– Komanda tam hazırdı. Birinci dəfə deyil ki, səfərdə oynayırıq. Biz səfərdə də oynamağı bacarırıq. Bizim üstünlüyümüzə gəlincə, komandamın tam olaraq bu oyuna köklənməsini üstünlüyümüz kimi qəbul edə bilərəm.

– PAOK-un hücum xəttində problemləri var. Ancaq buna baxmayaraq, komanda nəticə əldə edə bilir…
– Sizinlə razıyam. Elə olur ki, bir oyunda 15 qol vəziyyəti yaradırıq, ancaq 1-dən istifadə edə bilirik. Bunun üzərində işləyirik. Ancaq buna ciddi problem kimi baxmırıq. Məncə, az qolla olsa da, əsas olan nəticə qazanmaqdı. 

Shares: