Premyer Liqanın 8-ci turu 3 futbolçunun sıradan çıxması ilə əlamətdar oldu. “Qəbələ” Rəşad Sadiqovla Baqali Dabonu, “Kəpəz” isə Dario Federikonu itirdi. Özü də hər iki komandanın bu xoşagəlməz hadisəylə üzləşməsinin səbəbi eyni oldu – süni örtüklü meydança.
Süni qazonlar futbolun gələcəyinin bəlasıdı. Vaxtilə səhv yol seçib belə ot örtüklərinə üstünlük verən klublar məhz fəsadları görəndən sonra geridönüş qərarındadı. Lakin indi maliyyə imkanları əvvəlki kimi deyil, təbii ot örtüyünün salınması üçünsə küli miqdarda vəsait tələb olunur.
Lakin Futbolun İnkişafı Fondunun yaradılması barədə AFFA İcraiyyə Komitəsində qəbul olunan qərar ümid işığı yaradıb. Bu mövzuya xüsusi önəm verilməsi üçün adı çəkilən fondun imkanlarına baxmaq lazımdı.
Elə Şahin Diniyevdən götürdüyümüz son müsahibədə də düşündürücü məqamlar var. U-15 yığmasında çalışdığı dövrü xatırlayan “Kəpəz”in baş məşqçisi 17 futbolçunun meniskdən əməliyyata məruz qaldığını vurğulayıb. Kim bilir, həmin uşaqlardan hansı səviyyədə futbolçu çıxacaqdı. Ancaq faktdı ki, süni örtüklü meydançalar qasıq, diz, arxa bud əzələsi, topuq nahiyələrində ciddi problemlər yaradır.
Təbii örtüklü meydançada futbolçu hava mübarizəsindən sonra yumşaq otun üstünə düşür və belədə, “enmə zolağı”nın elastikliyi onun əzəzlələrinin açılıb-yığılma sistemini yüngülləşdirir.
Ancaq ağacın 2 başı var. Bir tərəfdən süni örtüklü meydançaların törətdiyi fəsadlardan bəhs ediriksə, digər yandan da klublarımızın maliyyə durumundan danışmalıyıq. Təbii örtüklü meydançanın salınması ilə iş bitmir. Çünki bu cür örtüyə sahib olan istənilən komanda məşqlərini də analoji şəraitdə keçməlidi. Əks halda problemlər daha qlobal ola bilər. Təsəvvür edirsiniz, 6 gün süni ot üstündə məşq keçəsən, 7-ci gün təbii meydana qədəm basasan?! Deməli, komandaya minimum 2 meydança lazımdı: biri oyun, digəri isə məşq üçün.
Bir sıra mütəxəssislərlə təbii örtüklü meydançaların qiymətini öyrənmək üçün söhbətləşdik və rəqəmlər cüzi fərqlə səsləndirildi. Kimisi avro ilə dedi, kimisi manatla.
Əvvəla onu qeyd edək ki, təbii örtüklü meydanın salınmasının iki yolu var: hazır otu rulon şəklində gətirmək və ya toxumu səpmək. Əlbəttə, toxum səpmək daha ucuz başa gələn variantdı. Ancaq bunun əks tərəfi də var. “Ucuz ətin ucuz şorbası” məsələsini xatırlayın. Toxuma anbaan qulluq lazımdı. Düzgün miqdarda və vaxtında suvarma, habelə hava şəraitinin münasib olması da şərtdi. Rulonla gətirilən ot örtüyü baha başa gəlsə də, “bismillah”daca sıradan çıxma ehtimalı azdı.
Əsas və məşq meydançasının salınması üçün tələb olunan vəsait 1 milyon avro civarındadı ki, bu da təqribi 1,8 milyon manat təşkil edir. Bir neçə il əvvələdək bu rəqəm əksər klub sahibləri üçün qorxunc deyildisə, indi bu pul az qala onların illik büdcəsini təşkil edir. Başqa sözlə, hansısa klubun “təbiiləşmə” yolunu seçəcəyinə inam olduqca azdı. “İnter”, “Zirə”, AZAL və “Sumqayıt” – bu kvartet Premyer Liqa iştirakçıları arasında süni örtükdən istifadə edən komandalardı. Bu siyahıya “Kəpəz”in də adını daxil etmək olar. Çünki Gəncə stadionunun ot örtüyü ancaq yayda baş qaldırır.
Futbolun İnkişaf Fondu – bu qurumun vəzifəsi təkcə indini deyil, gələcəyi də düşünməkdi. Əbəs yerə Şahin Diniyevin 17 yeniyetmə futbolçu barədə dediklərini qabartmamışdıq. Süni meydançalardan birdəfəlik imtina etmək lazımdı. Sözügedən fondun hansı büdcəyə sahib olacağını deyə bilmərik – çünki sadəcə, İcraiyyə Komitəsində yaradılıb, konkret fəaliyyəti, hətta təşkilatlanması ilə bağlı heç bir informasiya yoxdu. Lakin fond fəaliyyətə başlaya, sponsorlardan gələn pulları, yardımları və s. toplaya bilsə, onun xərclənmə istiqamətlərindən biri kimi məhz qazonları dəyişdirilməsini göstərmək olar. İndi nəinki AZAL-ın, hətta "İnter"in də klub olaraq qazon dəyişməyə gücü yoxdu.
O da dəqiqdi ki, Premyer Liqanın digər klubları sözügedən klubların meydançalarının ot örtüklərinin dəyişdirilməsinin əleyhinə olmayacaqlar. Çünki süni örtük adətən təbii meydana alışan futbolçuların zədələnməsinə səbəb olur. Hətta birdən-birə bütün klubların meydanlarının örtüklərini dəyişdirmək mümkün olmasa belə, yavaş-yavaş bu yöndə işlər görülməlidi. Kim bilir, bəlkə elə “Zirə”ylə “İnter” bu təşəbbüsün qısa zamanda həyata keçirilməsi üçün tələb olunan vəsaitin müəyyən hissəsini qarşılaşamağa hazır olduqlarını bildirəcəklər.
Hər halda düşünməyə dəyər. Ancaq çox düşünməyin. Çünki hər ötən gün hansısa yeniyetmə futbolçumuzun karyerası ilə oynamaq deməkdi.
FƏRİD